Rusiyanın erməni əsilli jurnalisti, “Rossiya Seqodnya” federal media holdinqinin rəhbəri Marqarita Simonyanın Ermənistana girişi qadağan olunub.
Bu barədə M.Simonyan sosial şəbəkələrdəki akkauntlarında bildirib.
“Uzun illər Ermənistanın qatı himayədarı olan Konstantin Zatulinin Ermənistana girişi ölkənin hazırkı lideri tərəfindən qadağan edilib. Yeri gəlmişkən, mən də”, – deyə o bildirib.
Qeyd edək ki, daha öncə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Ermənistanda arzuolunmaz şəxs elan edilib.
Daha doğrusu, Rusiya Dövlət Dumasının MDB İşləri üzrə komitə sədrinin birinci müavini, illərdir ermənipərəst mövqeyi ilə gündəmə gələn rusiyalı siyasətçi Konstantin Zatulin Ermənistanda “persona non qrata” elan edilib.
Bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb.
“Bizim məlumata görə, Konstantin Zatulinin Ermənistana girişi qadağan edilib. Bu gündən etibarən o, Ermənistanda arzuolunmaz şəxs hesab olunur”, – deyə nəşr bildirib.
Qeyd edək ki, bir müddət öncə rusiyalı deputat Zatulin öz müsahibələrinin birində 44 günlük müharibədəki məğlubiyyətdə Ermənistan hakimiyyətini ittiham etmişdi.

Az sonra Konstantin Zatulin Ermənistan Respublikasına girişinə qadağa qoyulmasını şərh edib.
“Bu, bizim üçün gözlənilməz oldu, Ermənistan Respublikası Milli Assambleyasının Xarici Əlaqələr Departamentinin rəhbərindən məktub aldıq. Mənə dedilər ki, səfərim arzuolunmazdır, bəyanatlarım Ermənistan Respublikasına ziddir”, – Zatulin bildirib.
Qeyd edək ki, Zatulinin yaratdığı “Lazarev klubu” cəmi üç gün sonra, oktyabrın 28-də İrəvanda çoxlu sayda ekspert, siyasətçi, analitik və jurnalisti bir araya gətirərək “Ermənistan-Rusiya münasibətlərinin tarixi keçmişi və bu günü” mövzusunda toplantı keçirməyi planlaşdırırdı.
Rusiyalı tanınmış hərbi ekspert, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko da İrəvanın Rusiya Dumasının deputatı Konstantin Zatulinə Ermənistana giriş qadağası qoymasına reaksiya verib.
İ.Korotçenko yazıb:
“30 il erməni maraqlarına xidmət etmək – sonra pişik kimi zibil qabına atılmaq…”
Bu arada Ermənistan parlamentinin spikeri Alen Simonyan “Lazarev klubu”nun 5-ci Rusiya-Ermənistan iclasına qatılmaqdan imtina edib.
Bununla bağlı Dövlət Dumasının deputatı Konstantin Zatulinə cavabında Simonyan Səmərqənddə MDB şurasında iştirak edəcəyi üçün tədbirə qatıla bilməyəcəyini yazıb.
“Əgər başqa ölkənin siyasətçisi bizim daxili siyasi həyatımıza qarışırsa və baş nazirin istefaya getməsi haqda bəyanat verirsə, hesab edirəm ki, bu addım (onun Ermənistana girişinin qadağan edilməsi – red.) gözləniləndir və yerindədir”, – bu sözləri isə Ermənistanda hakimiyyətdə olan “Mülki müqavilə” Partiyasının parlament fraksiyasının deputatı, Nikol Paşinyanın qaynı Qraçya Akopyan Rusiya Dövlət Dumasınn MDB məsələləri üzrə komitəsinin sədr müavini, hər zaman qatı ermənipərəstliyi ilə seçilən Konstantin Zatulinin Ermənistana girişinin qadağan edilməsi haqda danışarkən deyib.

“Bildiyimə görə, bu, onun (Zatulinin – red.) ilk belə bəyanatı deyil. O, ilk dəfə deyil ki, Ermənistanın daxili siyasətinə qarışır. Burda məsələ təhdiddə deyil. Niyə biz xarici ölkə vətəndaşına imkan verməliyik ki, bizim daxili işlərimizə müdaxilə etsin? Əgər o məmurdursa, lap pis”, – Akopyan qeyd edib.
… Əslinə baxsaq, Zatulindən fərqli olaraq, Marqarita Simonyanın Ermənistana yollanması yasaqlanmayıb. “Russiya Today”in, “Sputnik”in və “Rossiya Seqodnya”nın rəhbəri, Kremlin əsas propaqandonlarından biri əri Tiqran Koesyanla bahəm İrəvandakı Şimal prospektindəki binalardan birində mənzilə malikdir.
Simonyan və onun özü tək propaqandon olan Tiqran Keosoyan 2018-ci ildə Nikol Paşiyan hakimiyyəti ələ keçirəndən sonra İrəvandakı rejimi sərt tənqid etməyə başlamışdılar.
2019-cu ildə isə M.Simonyan Rusiyada yaşayan tanınmış erməni siyasətçilər, iş adamları və mədəniyyət xadimlərinin kollektiv məktubunu imzalayaraq Ermənistanın sabiq prezidenti Robert Köçəryanın hakimiyyətə qayıdışını istədiiyini vurğulamışdı.
Sonrakı illərdə isə Simonyanla əri Ermənistanın baş naziri Nikol Paşinyanı sürəkli olaraq “təlxək”, “provokator”, “cılız qorxaq”, “murdar heyvan”, “xəyanətkar” adlandırmışdılar.
Simonyanın əri Tiqran Keosoyan isə sosial şəbəkələrdəki profillərində yazmışdı: “Paşinyan rəzil, alçaq və murdar məxluqdur. Onları başda Paşinyan olmaqla məhkəməyə cəlb etmək, sonra da ömürlük həbsə məhkum etmək gərəkdir”.
İkinci Qarabağ Müharibəsi ermənilərin tam kapitulyasiyası ilə başa çatandan sonra isə Marqarita Simonyan sosial şəbəkələrdə N.Paşinyana xitabən yazmışdı: “Cəhənnəmdə yan, alçaq, şərəfsiz! Yan, məhv ol, murdar!”

Ötən il Ermənistanda keçirilmiş parlament seçkiləri ərəfəsində Konstantin Zatulin təki, Marqarita Simonyan-Tiqran Keosoyan dueti aşkar şəkildə Robert Köçəryanı dəstəkləyərək erməniləri məhz bu marionetə səs verməyə çağırır, təşviqat və təbliğatla məşğul olurdular.
Tiqran Keosoyan vəcdə gələrək bildirirdi: “Köçəryan seçilərsə, Ermənistanı inkişaf gözləyir. Daha sonra bir yol var – diktatura. Rusiya ilə bütün məsələlərdə 100 faizlik birləşmə, kooperasiya… Ermənistanda rubl zonasının tətbiqinə qədər. Daha sonra isə ordunun və güc strukturlarının Rusiya ilə inteqrasiysı, çünki müharibə olmaması üçün Ermənistanın güclü orduya ehtiyacı var”.
İndisə Konstantin Zatulin və Marqarita Simonyan Ermənistan üçün arzuolunmaz şəxslər elan ediliblər. Daha doğrusu, Nikol Paşinyan hakimiyyətinin indiki planları və gələcəklə bağlı strategiyasında Rusiyanın maraqlarını ifrat müdafiə edən, Ermənistanı Rusiyanın quberniyası qismində görənlərə yer yoxdur.
Paşinyan Ermənistanı Rusiyanın total siyasi, iqtisadi, hərbi və s. asılılığından çıxarmaq, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını qapatmaq, İrəvanın Qərblə əlaqələrini maksimum dərəcədə intensivləşdirmək, Türkiyə ilə münasibətləri normallaşdırmaq, Azərbaycanla yekun sülh müqaviləsini imzalamaq niyyətindədir.
Bu istiqamətdə o, ilk baxışda göründüyü kimi ermənilərdən artıq erməni olmağa çalışan Fransa prezidenti Emmanuel Makrona yox, ABŞ-ın siyasi isteblişmentinə bel bağlayır.
Bəhs etdiyimiz prosesə mane olmağa çalışan dövlətlərsə, bəlli, Rusiya və İrandır.
Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı nəqliyyat kommunikasiyalarının, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə daşınmasının təhlükəsizliyinə Ermənistan təminat verməlidir. Bu nəqliyyat dəhlizinin təminatına Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri cavabdehdir.
Yəni Zəngəzur dəhlizində nə ermənilərin, nə də rusiyalıların nəzarət-buraxılış postları qurmağa hüquqları var.
Yox əgər belə postlar qurularsa, Azərbaycan da tam inikası gerçəkləşdirərək Laçın dəhlizində analoji postlar quracaq.
Paşinyan bu bəyanatı imzalayıb.
Konstantin Zatulin və Marqarita Simonyan isə fasiləsiz olaraq üçtərəfli bəyanatı “tənqid” edir, bu sənədin Ermənistanın “maraqlarına zidd” olduğunu vurğulayır, Ermənistan vətəndaşlarını N.Paşinyanı hakimiyyətdən kənarlaşdırmağa və “ən sərt şəkildə cəzalandırmağa” çağırırlar.
Görünən odur ki, Ermənistanın hakimiyyət elitası Zatulinlər, Simonyanlar və ya Koesoyanlardan maksimum yararlandan sonra onların arasında istifadə müddəti bitəni rezin məmulat kimi kənara atırlar.
Rusiyada ermənilərin maraqlarını müdafiə edənlərin çoxunun taleyi belə olub.
Presedentlər az deyil…
milli.az

