Erməni spikerdən Bakı və Ankara ilə bağlı mühüm mesaj: Əlaqələr bərpa olunur – TƏHLİLbackend

Erməni spikerdən Bakı və Ankara ilə bağlı mühüm mesaj: Əlaqələr bərpa olunur – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Cənubi Qafqazda çox ciddi geosiyasi proseslər baş verir. Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb. Bu reallığın müəllifi məhz rəsmi Bakıdır. İndi nəinki bölgə ölkələri, digər qlobal oyunçular da bu reallıqları qəbul edir.

Nəzərə almaq lazımdır ki, Ermənistan rəsmiləri müharibədən əvvəl “yeni ərazilər uğrunda yeni müharibə” kimi hədələyici bəyanatla çıxış etmişdilər. Müharibə əsası olmayan bəyanatların müəlliflərinə güc nisbətinin əslində kimin xeyrinə olduğunu əyani nümayiş etdirdi.
Post-müharibə dövründə isə rəsmi Bakı İrəvanı maraqlarımızla hesablaşmağa məcbur edib.

Hazırda Azərbaycanın gündəliyindəki əsas məsələ regional əməkdaşlığın təmin olunmasıdır. Biz bunun üçün bütün imkanlardan istifadə edirik. Və, deyəsən, addımlarımızın nəticəsi olur… Ermənistan parlamentinin sədri Alen Simonyan bu günlərdə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması barədə danışmışdı. O, bildirmişdi ki, bölgədə sülhə ehtiyac var: “Cənubi Qafqaz xalqlarının son onilliklərdə keçdiyi bütün çətinliklərdən sonra bu gün Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb”.

Spiker söyləyib ki, Ermənistan Türkiyə ilə münasibətlərin nizamlanmasında, sərhədlərin və kommunikasiyaların açılmasında maraqlıdır: “Biz ilkin şərt olmadan danışıqlara başlamışıq. Bu danışıqların yaxın gələcəkdə arzuolunan nəticələr verəcəyinə böyük ümidim var. Bölgəmizin sülhə ehtiyacı var”.

İndiyədək İrəvanın Bakı və Ankara ilə münasibətlərinə mane olan əsas məsələ Ermənistanın torpaqlarımızı işğal altında saxlaması idi. Amma artıq bu problem yoxdur. Diplomatik münasibətlərin bərpası üçün bir vaxtlar mövcud olan əngəl artıq aradan qalxıb. Təsadüfi deyil ki, Vətən müharibəsindən dərhal sonra İrəvanla Ankara arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri təyin olundu.
Belə bir zamanda A. Simonyanın açıqlaması diqqət çəkir. Sözsüz ki, rəsmi İrəvan özü də başa düşür ki, Ermənistan dövlətçiliyinin gələcəyi üçün ən yaxşı və yeganə yol regional əməkdaşlıqdı. Çünki hazırda Ermənistan faktiki olaraq Rusiya ilə Qərb dövlətləri arasında poliqona çevrilməkdədir. Ermənistan baş naziri Nikol Paşinyan siyasi iradə göstərə bilmir və “iki stulda oturmağa çalışır”. Həm Moskva, həm də Qərb dairələri bu və ya digər formada Ermənistanın təhlükəsizliyinə təminat verməyə çalışırlar. Amma bu, boş vəddir.

Proseslərin inkişafı onu deməyə əsas verir ki, Ermənistan yaxın vaxtlarda Cənubi Qafqazın Ukraynasına çevrilə bilər. Hazırda zaman Ermənistanın əlehinə işləyir. Belə olan halda rəsmi İrəvan üçün ən yaxşı yol regional əməkdaşlıq mühitinin təmin olunması üçün səy göstərmək, Bakı və Ankaranın uzatdığı əli tutmaqdır.

//Kənan Novruzov, Editor.az