‘’Biz yalnız səngərdə gedən müharibənin deyil, eyni zamanda diplomatik səviyyədə gedən savaşın, hətta demoqrafik müharibənin də şahidi olduq’’. Bunu Editor.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev son səfərində bir daha bəyan etdi ki, erməni hakimiyyəti revanş məqsədi ilə hər hansı bir addım atarsa, onun cavabı adekvat olaraq veriləcəkdir : ‘’Hərbi əməliyyatların bitməsinə baxmayaraq, ermənilər çalışır ki, müstəqil Azərbaycan ərazisində terror anklavı yaratsınlar və bu terror anklavından istifadə edərək mütamadi olaraq müvafiq terror və işğalçılıq siyasətini davam etdirsinlər. Aydın məsələdir ki, bu baş tutmayacaq. Çünki Azərbaycan silahlı qüvvələri tərəfindən bütün Qarabağ ərazisi nəzarətə götürülüb. Eyni zamanda Sülhməramlı Qüvvələr də ermənilərin Azərbaycanda qalmaqlarını təmin etmək üçün ölkəmizin ərazi bütövlüyü çərçivəsində mandatlarına uyğun addımlar atmalıdır’’.
Arzu Nağıyev qeyd edib ki, ermənilər hər zaman müxtəlif formada təxribatlar törətməklə özlərinin qondarma statusuna qayıtmağa cəhd edirlər: ‘’Bunlar heç biri baş tutan deyil. Bu baxımdan Cənab Prezident tərəfindən ermənilərə ciddi mesaj verildi ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq, Azərbaycan bayrağı altında yaşamaq istəyirlərsə, qalıb yaşıya bilərlər. Əks halda Azərbaycan ərazisindən birmənalı şəkildə çıxarılacaq və terror törətməyə çalışan qüvvələrə qarşı anti-terror əməliyyatları keçiriləcək. Mən düşünürəm ki, əsas məsələ bundan ibarətdir, çünki Cənab Prezidentin siyasətində 3 mühüm istiqamət var: dövlətin təhlükəsizliyi, müstəqilliyimizin daim qorunub saxlanılması, Azərbaycan vətəndaşının rifahı. Bu istiqamətdə də dinc quruculuq işləri aparılır, işğaldan azad edilmiş infrastruktur qurumların bərpası aparılır və paralel olaraq təhlükəsizliyin suverenliyi də qorunur’’.

