“Ermənilər bu ifadəni tərcümə edib dünyaya yaysalar…”- Keçmiş nazir müavininin açıqlamasına SƏRT REAKSİYAbackend

“Ermənilər bu ifadəni tərcümə edib dünyaya yaysalar…”- Keçmiş nazir müavininin açıqlamasına SƏRT REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin ötəngünkü sərəncamları ilə İntiqam Babayev və İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər. Bu gün İsmayıl İsmayılovun  müsahibəsində dediyi “Prezidentin quluyam” fikri cəmiyyətdə, sosial mediada çox gülünc qarşılanıb və anlaşılmazlığa səbəb olub. O, bildirib ki, sözügedən sərəncam onun üçün gözlənilməz olub: “Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram”.

Ağ Partiyanın sədri Tural Abbaslı Editor.az-a bildirib ki, “Prezidentin quluyam” ifadəsini işlətmək dövlətə, ölkə başçısına “ayı” xidməti göstərmək deməkdir:

” “Qul, nökər” sözləri quldarlıq dövründən qalıb. Mənəvi baxımdan isə insan ancaq Allahın qulu ola bilər, insan insanın qulu ola bilməz. 16 il  dövlət strukturunda işləmiş, gənclər və idman nazirliyi kimi strateji nazirlikdə nazir müavini postuna yiyələnən bir şəxsin “quldarlıq” dönəmindən qalan terminlərlə çıxış etməsi əslində hakimiyyətə, demokratiya prinsiplərimizə vurulan ən böyük zərbədir.  Nəinki, daxili-siyasi, hətta beynəlxalq  auditoriyada Azərbaycanın imicini aşağı salır. Bu fikri ermənilər tərcümə edib dünyaya yaysalar Azərbaycanda 16 il nazir müavini vəzifəsində çalışan şəxsin təfəkkürünü, düşüncə tərzini dünyaya bəyan etmiş olacaqlar.  Düşünürəm ki, bu ifadə, fikir hakimiyyətə qarşı “ayı”xidmətidir və bu insan ifadəsinə görə üzr istəməlidir. Çünki Azərbaycan quldarlıq dövründə qalmayıb, demokratik respublikadır, ölkədə “ağa” və “qul” ifadələri yoxdur. Azərbaycanda kimsə kiminsə ağası və qulu deyil. Bir daha deyirəm,  dövlət strukturunda işləmiş şəxsin belə bir ucuz ifadə işlətməsi biabrçılıqdır. Maraqlıdır, bu insan bu düşüncə tərzi ilə necə 16 il gənclər siyasətinə rəhbərlik edib? Yəqin elə ona görədir ki, ölkədə gənclər siyasəti  belə bərbad vəziyyətdədir”.

//Gülnarə Abasova, Editor.az