Ermənilər Qarabağda Azərbaycan maşınlarının qabağını kəsir – Sülhməramlıların növbəti PLANIbackend

Ermənilər Qarabağda Azərbaycan maşınlarının qabağını kəsir – Sülhməramlıların növbəti PLANI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın 44 günlük müharibə ilə işğaldan azad etdiyi bəzi ərazilərdə 10 noyabr üçtərəfli bəyanatı ilə müvəqqəti olaraq müəyyən səlahiyyətlərin verildiyi Rusiya sülhməramlılarla bağlı xoşagəlməz hadisələrin ardı-arası kəsiləcək kimi görünmür. 

İkinci Qarabağ Müharibəsində Ermənistanın məğlubiyyətindən sonra bölgəyə Rusiyanın sülhməramlı qüvvələri yeridildi ki, təqribən 3 min kvadrat kilometrlik ərazidə 2 min rusiyalı hərbçi yerli ermənilərin təhlükəsizliyini təmin etməklə məşğul idilər, zaman-zaman bunların sayı “qeyri-təbii” yolla artırılaraq 3 minə çatdırıldı.

Sülhməramlılar Qarabağa nə üçün göndərilib?

Sülhməramlı kontoingent bəyanatda qeyd edilən səalhiyyətlərdən başqa işlərə də son vaxtlar xüsusi maraq göstərirlər. Erməni uşaqlara silahla necə davranmağı öyrədən sülhməramlıların bu addımları yenilərinin yanında toya-bayrama gediləcək kimi görünür. Belə ki, Ermənistanla Xankəndi arasındakı yola – Laçın dəhlizinə də nəzarət edən Rusiya sülhməramlılarının təxminən bir ay əvvəl Fransanın prezidentliyə namizədi Valeri Pekressin Qarabağa qanunsuz səfərinə şərait yaratmasından sonra deyəsən ağızlarında şirə qalıb.

Əslində bu qanunsuz addıma görə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın “Laçın dəhlizindən keçidlərə rusiyalı sülhməramlılar qərar verir” sözləri ilə özlərinə haqq qazandıran bu açıqlamasından sonra sülhməramlılardan növbəti “sürpriz” gözlənilirdi.

Laçın dəhlizi ilə Xankəndinə qanunsuz səfərlərlə bağlı Azərbaycanın əlində yetəri qədər dəlil, sübut var. Amma ən dəhşətlisi isə sülhməramlılar səlahiyyət zonalarındakı ərazilərə Ermənistandan gələn bütün maşınları yoxlamadan buraxması faktıdır ki, bunla bağlı Prezident İlham Əliyev yerli telekanallara son müsahibəsi zaman açıq şəkildə lazımı mesajı verdi: “Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, – bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, – yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil”.

Belə olan halda heç kim zəmanət verə bilməz ki, Qarabağa gələn erməni maşınlarında terrorçular, qanunsuz silah-sursatlar daşınılmır. Bu məqamda bir məsələ xüsusi diqqət çəkir. Erməni ictimai xadim Edqar Qazaryan da son açıqlamasında bildirib ki, “Faktiki olaraq artıq üçüncü dəfədir ki, Qarabağdakı “hərbi birləşmə”dən yalnız tərxis olunur, “birləşmə” yeni çağırışçılarla komplektləşdirilmir”. Sual yaranır, Azərbaycana qarşı silahlı təxribatlar törədən qanunsuz silahlı birləşmələr Qarabağa hansı yolla, necə gəldilər?! Təbii ki, qeyd etdiyim kimi, Rusiya sülhməramlıların nəzarətində olan avtomobillərin nəzarətsiz, yoxlanılmadan Xankəndinə girişi nəticəsində bu cür hadisələr daha bir neçə il qaçılmaz olacaq. Demək Rusiya sülhməramlıları nə qədər ki, Qarabağda mövcud olacaqlarsa, o qədər də Azərbaycana qarşı silahlı təxribatların, terror planlarının ardı-arası kəsilməyəcək. Amma bütün bu hadisələr fonunda Rusiya sülhməramlılarının son əməlləri yenidən təəccübləndirməyə bilməzdi, xüsusən Azərbaycan cəmiyyətini.

Belə ki, sülhməramlılar Suqovuşandan Qozlukörpü-Vəng istiqamətində Azərbaycana məxsus ərzaq və tikinti materialları daşıyan avtomobil karvanını müşayiət ediblər. Azərbaycana məxsus maşınlar Qozlukörpüdə Rusiya sülhməramlılarının nəzarətində olan müşahidə nöqtəsindən keçərkən yoxlanılıb. Sülhməramlıların özünün qeydə aldığı və yaydığı rəsmi videoda qanunsuz erməni silahlı dəstələrinin “əsgər” və “polis”lərinin də yoxlanış prosesində iştirak etməsi Rusiya kontingentinin növbəti qanun pozuntusu, özbaşınalığından başqa bir şey deyil. Sülhməramlılar bu addımla qanunsuz erməni silahlı birləşmələrinin “polis” geyimində Qarabağda mövcudluğunu, onlara bu ərazilərin sahibi kimi özlərini hiss etmələrini, ümumilikdə isə Qarabağı tərk etməmələri məqsədilə onları Azərbaycana qəbul etdirmək, varlıqlarını leqallaşdırmaq niyyətini ortaya qoyurlar.

Dünən “Moskva Ermənistanın deyil, Rusiyanın paytaxtıdır” deyərək Nijdeyə aid filmin nümayişinə görə ermənilərə etiraz edən Rusiya Dövlət Dumasının MDB Komitəsinin rəhbəri Kalaşnikov, deyəsən ölkəsinin hərbiçilərinin Qarabağdakı oyunlarndan bixəbərdir. Bəli, bu ərazilər də nə Rusiyanın, nə də Ermənistanın torpağıdır, bura Azərbaycanın ərazisidir. Bunu da Rusiya sülhməramlıları bilərək qərarlar verməlidirlər.

Rusiya sülhməramlıları ilə birgə Azərbaycan maşınlarını yoxlayan bu separatçı kimdir? Niyə rus sülhməramlıları buna imkan verirlər?

Rusiya 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatının müddəalarına uyğun şəkildə davranaraq qanunsuz erməni silahalı birləşmələrini tərkisilah edib, müvəqqəti səlahiyyət zonaları hesab edilən ərazilərdən çıxarmaq əvəzinə, onların Qarabağda sərbəst hərəkətinə rəvac verəcək, əl-qolunu açacaq bu cür “səlahiyyətlə” azərbaycanlıların yolunu kəsmək üçün separatçılara şərait yaratması rəsmi Moskvanın öz imzasına hörmətsizliyi, növbəti destruktiv mövqeyindən başqa bir şey deyil.