“Ermənilər üçün proseslər dalana dirənib”-AÇIQLAMAbackend

“Ermənilər üçün proseslər dalana dirənib”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransanın bu addımına təbii ki, təəccüblənmək olmaz. Bircə fakt onların nə qədər həyasız, şərəfsiz olduqlarını göstərir. Göndərilən avtomobillərin üzərinə Qarabağa deyil, “Artsax”a humanitar yardım sözləri yazılıb. Ermənilərin böyük əksəriyyəti II Qarabağ savaşında Azərbaycanın qazandığı parlaq qələbə ilə barışıb, amma hələ də Makron bunu qəbul etmək istəmir, etməyəcək də. Çünki “bacısı”nın məğlubiyyəti ilə Cənubi Qafqazda söz sahibi olmaq xəyalları gölə düşüb…”.

Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.

Siyasi şərhçi Fransanın bir niyyətini də ifşa edib:

“Fransa “humanitar yük” adı altında nəqliyyat vasitələrini Qarabağa göndərməklə guya Azərbaycanın erməniləri “blokada” saxladığı yönündə vay-şüvənlərini dünyaya sübut etməyə çalışır. Amma heç nəyə nail ola bilməyəcəklər. Sadəcə xam xəyallara düşüblər. Azərbaycan tərəfi bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasında Ermənistana da, Fransa başda olmaqla onun havadarlarına da elə zərbə endirdi ki, hər biri nakauta düşdü. İndi yenə cücərməyə başlayıblar, deyəsən, bu gedişlə növbəti dəfə diplomatik masada “Dəmir Yumruğ”u başlarında hiss edəcəklər. Bu bədbəxtlər anlamır ki, bütün beynəlxalq platformalarda da Azərbaycanın yanında güclü Türkiyə var”.

Ekspert onu da qeyd edib ki, ermənilər Azərbaycanın Laçın Nəzarət Buraxılış Məntəqəsi qurması ilə barışa bilmir:

“Həmçinin, “bacısı” Fransa da. Onun üçün də bu cür ucuz şoular təşkil edirlər. Bundan sonra belə təxribatlara hələ çox rast gələcəyik. Amma narahat olmağa dəyməz. Onların qatarı çoxdan gedib. Hazırda bu proseslərdə diktə edən tərəf Azərbaycandır. Qarabağ avtomobilinin sürücüsü olan Azərbaycan tərəfi dəfələrlə vətəndaşlarımız olan Qarabağ ermənilərinə birgə yaşayış təklifini göndərib. Eyni zamanda, Ali Baş Komandan səviyyəsində dəfələrlə bəyan edilib ki, yaşamaq istəməyənlər rədd olub torpaqlarımızdan getsinlər. Düşünürəm ki, proseslər artıq ermənilər üçün dalana dirənib. Artıq “böyük bacıları” Fransa da əvvəlki kimi kömək edə bilmir. Təkcə BMT Təhlükəsizlik Şurasının son iclasında Rusiyanın sərgilədiyi mövqe ermənilərə bir qulaqburması oldu. Rusiya əvvəlki Rusiya deyil, başı Ukrayna ilə ölüm-dirim savaşına qarışıb, eyni zamanda, onu Azərbaycana yönəlik neytrallaşdıran Türkiyə faktoru ortada mövcuddur. Azərbaycan bu reallıqlardan mütləq şəkildə yararlanmalı, Qarabağda qalan yarım işlərimizi tam şəkildə başa çatdırmalı və sülh danışıqlarında yekun sənədə erməniləri imza atmağa məcbur etməlidir. Qəmlonun dili ilə desək, “bunların nazı ilə çox oynayırıq”. Artıq oynamamalı, proseslərə son verməliyik”.

//Safura Bənnayeva, Editor.az