“Rusiya Federasiyasının sülhməramlı kontingentinin tərəfimizdən edilən müraciətlərə məhəl qoymamasına təəssüf edirik”. Bu fikirlərlə dünənMüdafiə Nazirliyinin mətbuata açıqlamasında yenidən sülhməramlılara xəbərdarlıq edilib.
“Növbəti dəfə bildiririk ki, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR. Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarını qeyd edərkən yanlış ifadələrdən istifadə etməməyə çağırırıq”, – açıqlamada deyilir.
“Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 01.12.2022-ci il tarixli rəsmi məlumatında “Dağlıq Qarabağ ərazisi” kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, “Mardakert”, “Martuni”, “Madagiz” və “Getavan” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜ olduğunu xatırladırıq”, – MN-dən qeyd edilib.
Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının son həftələrdəki qəsdli şəkildə olan davranışları antiAzərbaycan siyasətindən xəbər verir:
“Ümumiyyətlə, mən sülhməramlıların bu iki il ərzindəki ermənipərəst fəaliyyətini heç də sülhməramlı adına layiq bilmirəm. Fəaliyyətə başlar-başlamaz sülhməramlıların məsuliyyət zonasındakı erməni separatçıları ərazidəki mülki əhaliyə atəş hazırlığı dərslərinin keçiriləcəyini bildiriblər. Bundan bir müddət sonra Azərbaycanın mövqeləri istiqamətində qumbara atan şəxsi xatırlasaq, sonra ərazimizə keçməyə cəhd edən terrorçu dəstəsini nəzərə alsaq bir daha bu sual ortaya çıxır. Sülməramlılar bu baş verənləri görmürmü? Təbii ki, Azərbaycan ordusu belə təxribatları neytrallaşdıra bilmək iqtidarındadır. Lakin sülhməramlıların sülh yaratmaqdan başqa hər işlə məşğul olduqları göz önündədir. Son günlərdə isə Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlıq etməsinə baxmayaraq bilərəkdən Azərbaycana məxsus toponimlərin adlarının dəyişdirilməsi, xüsusilə “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlədilməsi qətiyyən yol verilməz haldır. Bu tərəflər arasında qarşıdurma yaratmağa planlanmış addımdır. Bölgədə sülh yaratmaqla məşğul olmalı olan qüvvələr, əksinə qarışıqlıq yaradır. Mən zənn edirəm ki, ermənilər həm Fransanın kölgəsinə sığınıb, həm də rus sülhməramlılarının bu jestlərinə arxalanıb, hər hansı toqquşmaya cəhd edə bilər. Təbii ki, biz bunu istəmirik. Bu zəifiyimizdən deyil, biz sülhə, sabitliyə olan sadiqliyimizdən iki ildir terrorçuların rəhbərliyi ilə danışıqlar aparırıq. Lakin görünən odur ki, nəinki Ermənistan, hətta bir neçə havadarı bu məsələni də 30 il müddətində olduğu kimi uzatmağa çalışırlar, lakin Azərbaycan dövlətinin qətiyyətli siyasi xətti buna imkan verməyəcək”.
//Gülnarə Abasova, Editor.az

