“Ermənilər öz xislətlərinə sadiq qalaraq yenədə beynəlxalq aləmdə özlərini məzlum kimi qələmə vermək istəyirlər. Ancaq görünən odur ki , Paşinyan bu addımları ilə əksinə özünün nə qədər qeyri-ciddi olduğunu bir daha hamıya nümayiş etdirir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Ağ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli bildirib.

Onun sözlərinə görə, Paşinyan heç özü də nə istədiyini bilmir:
“Soçidə Rusiya sülhməramlıların mandatının 10-20 il uzadılmasını tələb edir, sonra Avropada BMT sülhməramlılardan danışır. Ermənilərin bucür qeyri-stabilliyi bizim lehimizə olan amillərdəndir . Çünki ABŞ və Avropa çox gözəl anlayır ki , Paşinyan sözünün üstündə duran və etibar olunan şəxs deyil. O ki qaldı , BMT Təhlükəsizlik Şurası sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsinə, bu, hüquqi baxımdan hazırda mümkün deyil. Çünki hələ 1994-cü ildə ATƏT-in Budapeşt Sammitində qəbul olunan qərarda qeyd olunub ki, vasitəçi tərəflərdən biri bölgədə təkbaşına sülhməramlı yerləşdirə bilməz. O zamanlar bu qərar xüsusilə Rusiyaya görə qəbul olunmuşdu. Eyni zamanda, dünya birliyi Qarabağı Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanıyır. Bu səbəbdən Azərbaycanın razılığı olmadan belə bir addımın atılması real görsənmir”.
K.Məmmədlinin fikrincə, bundan sonra da Azərbaycan Ermənistanı ikili oyunun içində olduğunu göstərərək ifşa etməyə, onların sağlam tərəfdaş olmadığını beynəlxalq aləmə göstərməyə davam etməlidir:
“Xarici siyasətini əsasən bunun üzərindən qurmalıdır Çünki 21-ci əsr eyni zamanda, informasiya əsridir. Müharibələr yalnız döyüş meydanlarında aparılmır. Artıq hamı Ermənistanın və onun rəhbərliyinin sağlam tərəfdaş olmadığını anlamalı və bölgədə sülh sazişinin imzalanmasına süni əngəllər yaradanın da kim olduğunu bilməlidir”.
//Safura Bənnayeva, Editor.az

