Ermənilərin hərbi təliminin arxasında nə dayanır? – “Onların cavabını verəcəyik”backend

Ermənilərin hərbi təliminin arxasında nə dayanır? – “Onların cavabını verəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan hərbçiləri təlimlərə çağırıb. Ötən gün isə Azərbaycan Müdafiə Nazirliyi zabit vəzifələrində həqiqi hərbi xidmət keçmək istəyən müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək olan vətəndaşları Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət etməyə səsləyib.

Ard-arda bu cür müraciətlərin edilməsi isə özlüyündə müəyyən sualların ortaya çıxmasına səbəb olub. Maraqlıdır, görəsən, mövcud qərarların arxasında nə dayanır? Bu növbəti müharibəyə hazırlıq kimi qiymətləndirilə bilər?

Mövcud durumu Yenisabah.az-a şərh edən tanınmış politoloq Fikrət Sadıxov ilk əvvəl düşmənin təlim çağırışına münasibət bildirərək hazırda Ermənistan ordusunun Azərbaycan üçün heç bir böyük təhlükə yaratma şansının olmadığını deyib:

“Orada təlimatların keçirilməsi heç də o demək deyil ki, bunlar böyük bir qüvvə təşkil edən orduya çevriləcək. Biz onların gücünü də gördük, potensialını da müşahidə etdik. Biz onların ərazilərinə daxil olmaq fikrində deyilik, öz torpaqlarımızı müdafiə edirik, ərazi bütövlüyümüzü qoruyuruq, onlar isə çalışırlar ki, bu kimi təxribatlarla, hansısa ərazi iddiaları irəli sürməklə bizi yeni münaqişəyə təhrik etsinlər.

Əsas məqsədləri isə sərhədlərin delimitasiyasını əngəlləməkdir. Delimitasiya məsələsinin nəticələri onları qane etməyəcək. Çünki hazırda Ermənistanda yerləşən bir sıra kəndlər Azərbaycana məxsus olacaq və bu birmənalı şəkildə beynəlxalq hüquqa uyğundur və bütün xəritələrdə də əks olunub”.

Azərbaycan Müdafiə Nazirliyinin müraciətinə gəldikdə isə siyasi şərhçi qeyd edib ki, Azərbaycan Ordusu kifayət qədər peşəkardır, amma əlavə çağırışlar ordunu daha da qüvvətləndirər:

“Hərbi potensialımız kifayət qədər yüksəkdir. Peşəkar səviyyədə inkişaf etmiş bir şəxsi heyət var. Amma təbii ki, əlavə çağırış bizi daha da güclü orduya çevirə bilər. Çünki biz görürük ki, erməni tərəfi daima təxribatlarla məşğuldur.

Üstəlik, beynəlxalq qüvvələri tərəfindən başı sığallanan bir ölkəyə çevrilib. Belə halda isə daha da azğınlaşır. Doğrudur, biz torpaqlarımızı azad etmişik, digər vəzifəmiz isə boşalmış torpaqlarda infrastrukturun, obyektlərin bərpa olunmasıdır. Amma bu heç də o demək deyil ki, biz kiminsə təxribatlarına susqunluq nümayiş etdirəcəyik. Onların layiqli cavabını veririk və verəcəyik”.