“ABŞ Konqresinin bir qrup ermənipərəst və ermənidən betər üzvləri Nümayəndələr Palatasında ölkəmiz əleyhinə sənəd qəbul olunması üçün çalışırlar. Erməni lobbisinin Laçın dəhlizinin Azərbaycan tərəfindən “blokadaya” alınması, oradakı erməni vətəndaşlarımızın guya əzab-əziyyət çəkməsi ilə bağlı uydurmalar, yalanlar dolu layihənin sənəd formasında qəbul olunması üçün ermənipərəst deputatlar dəridən qabıqdan çıxırlar. Əsas məqsəd isə aydındır. Yüz illərlə olduğu kimi erməninin yalan, iftira maşını öz sürəti ilə çalışmaqdadır”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Millət vəkili bildirib ki, qətnamənin qəbul olunmasında Bayden administrasıyasına təqdim ediləcək təkliflərin sırasına Azərbaycanla münasibətlərə yenidən baxılması, Laçın dəhlizində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi üçün danışıqlar aparmaq, ABŞ-ın Azərbaycana bütün hərbi yardımını dərhal dayandırmaq və Azadlığa Dəstək Aktının 907-ci maddəsini tətbiq etmək də daxildir:
“Ermənilərin indiyə qədər belə cəhdləri çox olub və tək ABŞ-da yox, bir çox ölkələrdə buna nail olublar. Ancaq bu, heçnəyi dəyişməyib. Bu Azərbaycanı getdiyi haqq yolundan və əldə etdiyi uğurlardan döndərə bilməz. Digər tərəfdən bu cür qətnamələr kağız parçasından o tərəfə keçə bilmir. Əksinə Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində dünyadakı dostlarımızın sayı durmadan artıb və bu gün Azərbaycan uğurla Qoşulmama Hərəkatına sədrlik edir”.
V. İskəndərov qeyd edib ki, ABŞ Konqresində bu cür yalan qətnamələrin qəbul edilməsi təəssüf doğurur:
” Bütün dünya artıq həqiqətləri, xüsusilə də Laçın dəhlizində baş verənləri bilir. Ora Azərbaycanın suveren ərazisidir və bu gün ekofəallarımız öz aksiyalarını keçirməkdə israrlıdırlar. Həm Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti, həm də Rusiya sülhməramlılarının maşınları maneəsiz həmin ərazilərdən keçirlər, humanitar yüklər daşınır. Ağ ev də daxil olmaqla, bütün dünya orada baş verənlərdən xəbərdardır. Ona görə də belə bir qətnamənin qəbulu heçnəyi dəyişməyəcək. Bir iftiranın sənəd halına gətirilib qəbul edilməsi demokratiyanın beşiyi sayılan ABŞ və onun Parlamenti üçün yalnız təəssüf doğurur”.
//Gülnarə Abasova, Editor.az

