Ermənilərin işgəncə verdiyi azərbaycanlı hərbçinin anası: “Balamı mənə qaytarın”backend

Ermənilərin işgəncə verdiyi azərbaycanlı hərbçinin anası: “Balamı mənə qaytarın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Oğluma işgəncə verilməsi ilə bağlı görüntüləri internetdə izlədim. Hələ də şokdayam. Bu, nə oyundur bizim başımıza gəldi”.

Bunu Modern.az-a Ermənistanda saxlanılan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib.

O, oğlunun günahsız olduğunu deyib:

“Mən bundan əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK), Müdafiə Nazirliyinə müraciət etmişdim. Həyat yoldaşım neçə gündür Naxçıvandadır. BQXK məni sorğu-sual etdi, dedilər ki, övladınızın məsələsi araşdırılacaq və Azərbaycana gətiriləcək”.

Şəlalə Axundovanın sözlərinə görə, övladı əsgərlikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmağa hazırlaşırdı:

“Biz Mehdiabadda yaşayırıq. İki qızım, bir oğlum var. Hüseyn 9 yaşından əsgər gedən günə qədər işləyib, fəhləlik edib, daş daşıyıb, ailəsinə baxıb. Xəstəliyimə görə mən işləyə bilmirdim. Çox yaxşı oğuldur. Əsgərlikdən gəlməyinə 5 ay qalmışdı. Onunla sonuncu dəfə aprelin 4-də danışmışdıq. MAXE olacağını deyirdi. Əsgərlik vaxtı heç nədən şikayəti yox idi, hər şeyin qaydasında olduğunu deyirdi. Xahiş edirəm, balamı mənə qaytarın”.

Azərbaycan Ordusunun itkin düşən əsgəri Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisində saxlanılıb. Onun Qafan rayonunda tutulduğu bildirilib.

Sosial şəbəkələrin erməni seqmentində azərbaycanlı əsgərin foto və videoları yayılıb. Kadrlardan görünür ki, H.Axundov Ermənistanda saxlanıldıqdan sonra amansız işgəncələrə məruz qalıb.