Ermənilərin Qarabağda “milyonlarla dolları” ƏLƏ KEÇDİ: Pullar göyə sovruldubackend

Ermənilərin Qarabağda “milyonlarla dolları” ƏLƏ KEÇDİ: Pullar göyə sovruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsindəki Zəfərimiz tarixi ədaləti bərpa etməklə yanaşı Ermənistana, dünya ermənilərinə heç vaxt unutmayacaqları bir dərs verdi.

2020-ci ilin sentyabrına qədər geridə qalan 30 illik işğal dövründə Qarabağda bütün tarixi, mədəni irsimizi məhv etməklə məşğul olan, ərazilərimizdəki abidələri saxtalaşdırmaqdan bir an olsun əl çəkməyən ermənilər bölgənin güya onların tarixi yaşayış məskəni olduğunu bütün dünyaya sübut etmək üçün növbəti saxtakarlıqdan – demoqrafik vəziyyəti süni-saxta yollarla dəyişmək istiqamətində də dayanmadan çalışdılar.

19-cu əsrdə Qarabağa aid demoqrafik məlumatlar onsuz da ermənilərin bu bölgəyə süni şəkildə köçürüldüyünü və bu köçün Qarabağın etnik coğrafiyasını dəyişmək məqsədilə həyata keçirildiyini sübut edir. Lakin anoloji proses Birinci Qarabağ müharibəsindəki işğaldan sonra daha irimiqyaslı xarakter aldı. Nəticədə 1990-cı illərin əvvəlində Ermənistanın hərbi təcavüzündən sonra Azərbaycanın işğal olunmuş ərazilərində erməni əhalisinin qeyri-qanuni məskunlaşdırılması ermənilərin “Böyük Ermənistan” mifini reallaşdırmaq üçün Cənubi Qafqazda demoqrafik dəyişikliklər etmək istiqamətində uzun sürən cəhdlərinin davamı üçün fürsət əldə etdi.

Bu səbəbdən də təsadüfi deyil ki, 1991-ci ildə Ermənistan müstəqilliyini elan etdikdən sonra ölkə əhalisinin sayının sürətlə azaldığı halda, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında əhalinin sayı süni şəkildə artırdı. İşğal olunmuş ərazilərdə yerli əhalinin yerinə üçüncü ölkələrdən ermənilər gətirilirdi. Bu ərazilərə Livan və Suriyadan köç edən etnik ermənilərin məqsədyönlü şəkildə məskunlaşdırılması işi sürətlə aparılırdı ki, bu istiqamətdə erməni diasporalarının, lobbisinin maliyyə dəstəyini xüsusilə qeyd etmək olar.

Erməni fondları tərəfindən xərclənmiş milyonlar hesabına Qarabağda qanunsuz şəkildə tikilən sosial infrastrukturun artıq heç bir əhəmiyyət daşımadığını indi nəinki həmin Livan, Suriya erməniləri, hətta bütün dünya şahidi olur. Əgər Azərbaycan İkinci Qarabağ müharibəsi ilə işğala son qoydusa, postkonflikt dövründə diplomatik qələbələri bir-birinin ardınca düzərək hələ də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında qalan separatçı rejim qalıqları və onların qanunsuz məskunlaşdırdığı hayları həmin ərazilərdən təmizlənməyə nail olur.

Bunu avqustun 26-da Laçın şəhərinin və Zabux, Sus kəndlərinin tamamilə ermənilərdən təmizlənərək Azərbaycana təhvul verilməsi prosesi də göstərdi ki, bəzi erməni revanşist qruplar və separatçı ünsürlər, eləcə də onların erməni diasporu daxilindəki müttəfiqləri müharibədən əvvəlki ritorikanı davam etməyə səy göstərsələr də, rəsmi Bakının preventiv addımları buna nəinki imkan vermir, hətta Qarabağda qanunsuz yaşayan ermənilərin çıxarılması prosesi tam sürəti ilə davam etdirilir.

Hər kəsə yaxşı məlumdur ki, Azərbaycanın nəzarətinə keçən Zabux kəndi ərazisində aparılan qanunsuz sosial infrastruktur tikinti işləri xaricdə yaşayan erməni iş adamları və diaspor nümayəndələrinin ianələri hesabına həyata keçirilib. Məhz Zabux kəndindəki infrastruktur layihələri 2009-cu ildə işğal altında olan (Qubadlı, Zəngilan və Laçın rayonları) ərazilərdə dayanıqlı inkişafı təmin edərək bu ərazilərdə erməni əhalisini məskunlaşdırmaq məqsədi ilə Livan erməniləri tərəfindən yaradılmış ARI (“Artsakh Roots Investment”) təşkilatı vasitəsi ilə həyata keçirilməyə başlanıb.

Təşkilatın rəsmi saytında bu ərazilərdə hansı yollarla investisiya qoyula biləcəyi haqqında məlumatlar öz əksini tapıb. Açıq mənbələrdə verilən məlumata əsasən, 2011-2016-cı illər ərzində təşkilat tərəfindən vaxtilə işğal altında olmuş ərazilərdə sosial-iqtisadi vəziyyətin gücləndirilməsi məqsədi ilə kiçik kreditlər şəklində ümumi dəyəri dörd milyon ABŞ dollarından çox maliyyə vəsaiti xərclənib.

Bunu statistik rəqəmlər də deyir. Cari ilin birinci yarısında Ermənistana pul köçürmələri 97,3 % artaraq 1,9 milyard dollara yaxın olub.

Köçürmələrin həcminə görə ölkələr:
1. Rusiya – 1,1 milyard dollar
2. ABŞ – 319 milyon dollar
3. Almaniya – 43,7 milyon dollar
4. Fransa – 30 milyon dollar
5. Qazaxıstan – 28 milyon dollar
6. BƏƏ – 15 milyon dollar
7. İspaniya – 8 milyon dollar
8. Ukrayna – 4 milyon dollar
9. Çin – 1 milyon dollar
10. Türkiyə – 0,8 milyon dollar

Görünən odur ki, Ermənistan dövlət olaraq ayaqda qalmaq üçün bu gün tamamilə xaricdən gələn maliyyə paketindən asılıdır. Bu maliyyənin bundan öncəki dövrlərdə necə, hara, nə məqsədlə xərcləndiyi də, yekunda nə ilə nəticələndiyini də artıq hər kəs bilir.

Bu günlərdə Azərbaycan Ordusunun Laçın şəhərini, o cümlədən Zabux kəndini nəzarətə götürməsi həm də qlobal erməni “xeyriyyə” fondlarına göndərilən bir siqnaldır. Çünki uzun illər ərzində qanunsuz məskunlaşma üçün xərclənilən milyonlarla dollar həcmində vəsait faktiki olaraq küçəyə atılmış hesab edilə bilər. Süni köçlər vasitəsi bölgəyə yerləşən yerli və gəlmə ermənilər ərazidən uzaqlaşdırıldı, bu azmış kimi qanunsuz şəkildə tikilən sosial infrastruktur Azərbaycanın mülkiyyətinə keçdi.

Baş verənlər bir daha qanunsuz tikinti işlərinə xərclənən milyonların maliyyət itkisi olduğunu, sonunun nə ilə nəticələnəcəyini göstərən mühüm bir örnəkdir. Qarabağ ərazilərində qanunsuz tikinti fəaliyyətinin heç bir hüquqi qüvvəsi olmadığını hələ işğalın davam etdiyi dövrdə Azərbaycan dövləti dəfələrlə Ermənistana xəbərdarlıq etmişdi. Lakin bu xəbərdarlıqlara məhəl qoyulmadı. Nəticədə isə erməni diasporunun Qarabağda xərclədiyi pullar göyə sovruldu.

Keçən iki ilə yaxın müddət ərzində beynəlxalq ictimaiyyət artıq yeni status-kvonu qəbul edib. Bunu Qərbdən səsləndirilən bəyanatlar – Azərbaycanın təklif etdiyi sülh paketinə olan müsbət yanaşma və rəsmi Bakının regionun inkişafı ilə bağlı nəzərdə tutduğu iqtisadi layihələrə verilən beynəlxalq dəstək açıq şəkildə nümayiş etdirir.

Lakin buna rəğmən bəzi erməni revanşist qruplar və separatçı ünsürlər, eləcə də onların erməni diasporu daxilindəki müttəfiqləri müharibədən əvvəlki ritorikanı davam etməyə səy göstərsələr də, rəsmi Bakının qətiyyətli mövqeyi qarşı tərəfin xəyyallarını növbəti dəfə puç etməklə nəticələnir. Məhz bu səbəbdən bir neçə həftə öncə Azərbaycan ordusu tərəfindən Qisas anti-terror əməliyyatı həyata keçirildi və nəticədə Laçın şəhəri və ətraf kəndlərdən qanunsuz yaşayan erməni vətəndaşlarının çıxarılması prosesi başlandı. Heç bir şübhə yoxdur ki, rəsmi İrəvan üzərinə götürdüyü növbəti öhdəliklərdən yayınmağa davam edəcəyi təqdirdə yenidən əsas vəzifə Azərbaycan Ordusunun üzərinə düşəcək. Bunu Paşinyan da yaxşı bilir, qondarma rejim ünsürləri də, onlara havadrlıq edən, maliyyələşdirən lobbinistlər də…


Milli.az