Ermənilərin Qarabağdakı özbaşınalığı – Ərdoğan Rusiyaya şərt qoyacaq?backend

Ermənilərin Qarabağdakı özbaşınalığı – Ərdoğan Rusiyaya şərt qoyacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hələlik qeyri-müəyyən qalan tarixdə Türkiyə və Rusiya dövlət başçılarının görüşü nəzərdə tutulur. Bu görüşü Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Mersin vilayətində “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) 3-cü blokunun təməlqoyma mərasimi zamanı razılaşdırıblar.

Kremlin rəhbəri uzun müddətdir türkiyəli həmkarı ilə görüşmədiyini vurğulayaraq “Görüşü yaxın vaxtlarda reallaşdırmaq lazımdır” ifadəsini işlədib. Buradan məlum olur ki, Putinin türkiyəli həmkarıyla üzbəüz görüşə ehtiyacı var. Rusiyanın tarixində ilk dəfə olaraq NATO-ya üzv olan ölkəyə müasir raketlər satmasını, Türkiyə ilə Suriya, Liviya və Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda əməkdaşlıqları (Birgə Monitorinq Mərkəzi) və nəhayət rəsmi Ankara kimi tərəfdaşının ərazisində atom elektrik stansiyasının tikintisini davam etdirməsi iki ölkə arasında münasibətləri daha da sıx hala gətirib çıxarır. Bu, eyni zamanda Türkiyənin ən yaxın müttəfiqi və tərəfdaşı Azərbaycan üçün də olduqca əhəmiyyətlidir. Çünki Rusiya hərbçilərinin Dağlıq Qarabağdakı fəaliyyətlərləri ilə bağlı suallarımız durmadan artır. Bu görüş zamanı Ərdoğanın Azərbaycanı narahat edən məsələləri də Putinlə müzakirə edəcəyi, ehtimalı yüksəkdir. Bu, belə olacaqsa qardaş ölkə liderinin rəsmi Bakının maraqlarını qoruyacağı şübhə doğurmur. Hazırda ən əsas məsələ bu görüşə kimi Azərbaycan ilə Türkiyə arasında Putinə çatdırılacaq təkliflərlə bağlı ortaq çalışmanın aparılmasıdır ki, rəsmi Bakı da bu fürsəti maksimum dəyərləndirəcək.

Təxminən 10 gün əvvəl Ermənistanın tikinti materialları adı altında Qarabağın hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərinə əsgər daşıması faktı elə həmin əsgərlərin valideyinlərinin mətbuata sızan etiraz aksiyası ilə ortaya çıxdı. Amerikalı jurnalist-könüllü Patrik Lankasterin İrəvandan, Ermənistan Müdafiə Nazirliyinin qarşısından hazırladığı reportajdan məlum oldu ki, Ermənistan tərəfi əsgərləri mülki paltarda, inşaat materialları adı ilə yük maşınlarında Qarabağa daşıyır. Görünür yanvarın 30-dan fəaliyyətə başlayan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində ortaq olaraq müşahidələrinin həyata keçirilməsi, hadisələri obyektiv yerində görməsi, dəyərləndirməsi, ola biləcək risklərin qarşısını alması yönündə Türkiyə hərbi qulluqçularının iştirakı Azərbaycan üçün olduqca əhəmiyyətli olsa da bölgədə baş verən, verə biləcək bütün qanun pozuntularını, cinayət əməllərini, terrorizmə zəmin yaradacaq faktları, təhlükəsizliyi, sülhü tam təmin etmək üçün son addım olmamalıdır. Bölgədə bu cür halların qarşısı sülhməramalı qüvvələr tərəfindən alına bilmirsə, alınmırsa və yaxud da görməməzlikdən gəlinirsə, Azərbaycan Qarabağa silahlıların daşınması faktını dövlət başçıları səviyyəsində müzakirə edilmək və qəti addım atılması məqsədiylə Türkiyə və Rusiya prezidentlərinin müzakirə mövzusuna çevrilməsi üçün əlindən gələni etməlidir.

Ərdoğanla Putinin yaxın zamanda gözlənilən görüşü zamanı Türkiyə liderinin Qarabağın rusların nəzarətində olan hissəsinə Ermənistandan silahlı birləşmələrin gətirilməsi faktını xatırladacağı Azərbaycan ilə Türkiyə arasında Putinə çatdırılacaq təkliflərdən ən əsası olacağı güman edilir. Gözlənilir ki, Türkiyə dövlət başçısı Qarabağda rus sülhməramlıları ilə birgə Türkiyə sülhməramlılarının da iştirakını yenidən gündəmə gətirəcək. Putin həmkarının təklifini ən pis halda qəbul etməsə belə, indən belə bu cür halların təkrarlanmaması üçün Rüstəm Muradovun rəhbərlik etdiyi kontingentə daha “diqqətli” olmağı tapşıracaq. Əks halda bölgədə Azərbaycan Silahlı Qüvvələrinin irimiqysalı antiterror əməliyyatı qaçılmaz olacaq. /Milli.az