Ermənilərin ümidi “süni mayalanma”yadır – Ölkə demoqrafik fəlakət təhlükəsilə üz-üzədirbackend

Ermənilərin ümidi “süni mayalanma”yadır – Ölkə demoqrafik fəlakət təhlükəsilə üz-üzədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın 44 günlük müharibədə hərbi, siyasi, iqtisadi və s. zərbələrlə yanaşı, ciddi demoqrafik zərbə aldığı da şübhəsizdir. Artıq erməni cəmiyyətində ölkəni qarşıda təbii artım, yeni doğulan uşaqların sayıyla bağlı çətinliklər, bir sözlə böyük demoqrafik problemlər gözlədiyinə dair həyəcan təbili çalınır.

Erməni mətbuatına açıqlama verən iqtisadçı Ara Qaloyan deyib ki, ermənilərin təbii artımı ilbəil azalmaqdadır: “2018-ci ilin yanvar-iyul aylarında təbii artım 4087 nəfər, eyni aylarda 2019-cu ildə 3579 nəfər, 2020-ci ildə isə cəmi 2394 nəfər olub.” İqtisadçı vurğulayır ki, bu rəqəmlər müharibədən əvvəlki situasiyanı əks etdirir. Müharibə nəticəsində rəsmi məlumatlara görə, 5 min nəfərə yaxın, qeyri-rəsmi mənbələrin bildirdiyinə görə isə daha çox erməninin ölməsi bu ölkəni gələcəkdə hansı demoqrafik problemlər gözlədiyindən xəbər verir.

Bu mövzuyla bağlı “Sputnik Armenia”-da dərc olunan yazıda bildirilir ki, Ermənistan Azərbaycana təkcə hərbi, iqtisadi, siyasi və s. deyil, demoqrafik planda da məğlub olub, özü də çoxdan.

Məqalədə qeyd edilir ki, Azərbaycanla müqayisədə Ermənistan əhalisinin say tərkibində qadınlar kişilərdən daha böyük üstünlüyə malikdir. Belə ki, əgər Azərbaycanda əhalinin 49.5 faizi kişi, 50.5 faizi qadındırsa, Ermənistanda bu göstərici 46.5 faizin 53.5 faizə nisbətindədir. Müharibədən sonra yaranmış durum isə getdikcə bu nisbətlər arasındakı fərqin daha da artacağından xəbər verir.

Məqalə müəllifi yazır ki, xüsusilə Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər arasında təbii artımla bağlı onsuz da durum ağır idi, müharibədən sonra isə vəziyyət daha da pis olacaq: “Kiçik Ermənistan və ondan da kiçik “Artsax” (Qarabağ-red.) üçün gəlinləri ərsiz qoymaq böyük bir demoqrafik dəlik yaranması deməkdir. Onu nəylə dolduracağıq? “Hələ erməni qadınları doğacaq” deyib, buna ümid etmək çətindir. Bəlkə də doğacaqlar, ancaq Qarabağda, yaxud Ermənistanda yox, haradasa bəladan uzaqda, o yerdə ki, sakitlikdir.” Doğrudan da, müharibədən sonra onsuz da ağır durumda yaşayan erməni əhalisinin daha kütləvi şəkildə ölkəni tərk etməsi gözlənilir, sadəcə, pandemiyaya görə sərhədlərin bağlı qalması hələlik buna imkan vermir. Ancaq nə vaxtsa sərhədlər açılacaq və ermənilərin axınının qarşısını almaq artıq asan olmayacaq.

Nəhayət, yazıda qeyd olunur ki, qondarma rejimin başçısı Araik Arutunyan buradakı ermənilərin demoqrafik problemini həll etməyin “yolunu” tapıb. Belə ki, qondarma qurumun başçısının süni mayalanmayla bağlı göstəriş verdiyi bildirilir. Lakin yazı müəllifi bunun çıxış yolu olmadığı qənaətindədir. Çünki Ermənistanda bir tərəfdən ailə institutunun, ailə dəyərlərinin son illərdə xeyli sarsılması, digər yandan müharibənin nəticələri demoqrafik problemin getdikcə dərinləşməsindən xəbər verir.

Göründüyü kimi, Ermənistanın çoxsaylı böyük problemləri sırasına az qala fəlakət həddinə yaxınlaşan demoqrafiya problemi də əlavə olunub. Bu şərtlər daxilində Ermənistanda xəstə təxəyyüllü millətçi və revanşist qüvvələrin yenidən baş qaldırmaq cəhdi olduqca cılız və mənasız görünür.

 

AzPolitika.info