“Sözügedən hərbi təlimlər əvvəlcədən sülhməramlı missiyalar üçün planlaşdırılmış birgə təlimlərdir”.
Bunu Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcəyi ilə bağlı xəbərə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun “Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ABŞ və Ermənistanın sülhməramlı missiyalarının birgə təlimləri Rusiyanın narahatlığına səbəb olur:
“Ermənistan Rusiyanın rəhbərlik etdiyi KTMT- nin üzvüdür. Bu hərbi blokun üzvünün NATO-nun əsas dövləti olan ABŞ-ın hərbi qüvvələri ilə birgə təlim keçirməsi anormal və qəbuledilməzdir. Tarixdə bir hərbi blokun üzvünün düşmən hərbi blokun üzvü ilə birlikdə təlim keçirməsi halları demək olar ki, yoxdur. Bu, nadir hadisədir. KTMT-ni hər dəfə tənqid edən, Ermənistana yardım etməməkdə günahlandıran Paşinyan düşmən mövqedə dayanan NATO-nun əsas dövlətinin sülhməramlıları ilə birgə hərbi təlim keçir”.
Siyasi şərhçinin fikrincə, rəsmi İrəvan addım-addım KTMT-dən uzaqlaşmaq yolunu seçib:
“Bu hərbi təlim həmin yolda bir mərhələdir. Ermənistan və Rusiya arasında münasibətlər bundan sonra da pisləşməkdə davam edəcək. Bu cür addımları rəsmi Moskva İrəvana bağışlamayacaq. Rusiyanın Ermənistana qarşı müəyyən cəza addımları atmaq imkanı kifayət qədərdir. Sözügedən təlimlərin Azərbaycan üçün heç bir zərəri yoxdur. Çünki elə də ciddi hərbi təlim deyil. Əksinə müsbət cəhətləri ola bilər. İlk növbədə Azərbaycanın Qarabağda keçirməyi planlaşdırdığı antiterror əməliyyatlarında rus sülhməramlıları Azərbaycanla birgə iştirak edə bilərlər. Bu addım da Ermənistanın keçirdiyi hərbi təlimlərə çox yaxşı cavab ola bilər. Ermənistan hakimiyyətinin buraxdığı səhvlərdən Azərbaycan hər zaman ustalıqla istifadə edib. Heç şübhəsiz ki, bu addım da düzgün qiymətləndiriləcək və Qarabağdakı silahlı birləşmələr qısa müddətdə tərki-silah olunacaqlar”.
//Safura Bənnayeva, Editor.az