Ermənistan “Alma-Ata” bəyannaməsinin şərtlərini niyə qəbul etmir?-AÇIQLAMAbackend

Ermənistan “Alma-Ata” bəyannaməsinin şərtlərini niyə qəbul etmir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Brüssel görüşündə rəqəmlər də göstərilməklə Azərbaycan və Ermənistanın “Alma-Ata” bəyannaməsinə uyğun ərazi bütövlüyü qeyd edilib. Tərəflərin həmin bəyannaməyə əsaslanması artıq 3-cü haldır. Praqa, Soçi və Brüssel görüşlərində də bu məsələ səsləndi. Ermənistanın bu istiqamətdə fikir səsləndirməsi yekun sülh müqaviləsini imzalayacağı mənasına gəlmir”.

Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu erməni rəsmilərinin  Ermənistan hökumətlərinə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyan hər hansı sənədi imzalamağı qadağan edən 1992-ci il parlament qanununa istinad edərək Brüssel danışığının “boş və etibarsız olacağını” vurğulamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan yenə də qeyri-konstruktiv mövqeyini, təxribatlarını davam etdirməkdədir:

“Elə may ayının 14-də baş tutan Brüssel görüşündə də rəsmi İrəvanın bu kimi addımlarının şahidi olduq. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel açıqlamasında tərəflər arasında müzakirə edilən məsələlərlə yanaşı Qarabağdakı erməni icmasının vəziyyətinin beynəlxalq ictimaiyyətlə müzakirəsinin vacibliyini də qeyd etdi. Bu da Azərbaycan üçün məqbul deyil. Çünki bu, ölkəmizin daxili işidir.  Ölkə başçısı İlham Əliyev də dəfələrlə vurğulayıb ki, bu məsələni digər tərəflərlə müzakirə etmək niyyətində deyilik. Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşayır və onlar tam təhlükəsiz vəziyyətdə öz mövcudluqlarını sürdürürlər “.

Deputatın fikrincə, ölkəmizin multikultural mühiti bütün dünya üçün örnəkdir:

“Qarabağdakı ermənilər üzərindən manipulyasiyalara yol verib  sülh müqaviləsinin imzalanmasına cəhdlər ola bilər.  Əsas iradə sahibi rəsmi Bakıdır. Ermənistanın havadarlarının hansı mövqedən çıxış etməsindən asılı olmayaraq ölkəmiz bütün əraziləri üzərində suverenliyini təmin edəcək. Bu istiqamətdə proses dönməz xarakter alıb. Rəsmi İrəvan parlamentinin qəbul etdiyi bu sənədin də heç bir hüquqi qüvvəsi yoxdur. Ölkəmiz sülh müqaviləsinin imzalanmasına öz gücü, iradəsi sayəsində nail olacaq “.

//Safura Bənnayeva, Editor.az