Tarix boyu Azərbaycana qarşı mübarizə meydanında Rusiyanın Ermənistana böyük dəstəyinin şahidi olmuşuq. İstər işğalçı siyasətin həyata keçirilməsində, istərsə də Qarabağa müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının gözü önündə baş verən erməni təxribatları bunu deməyə əsas verir.
Bir müddət əvvəl Ermənistanda baş verən partlayış iki dövlət arasında münasibətlərin kəskinləşməsinə səbəb oldu. Ermənistan tərəfi bunu Rusiyanın həyata keçirdiyini iddia edir, Rusiya isə Ermənistanın haqsız iddialarına görə məsuliyyət daşıdığını bildirir.
Bu münasibətlərin mənfi istiqamətdə dəyişməsi Azərbaycanda erməni təxribatlarının bitməsinə, Rus sülhməramlılarının mövqeyinin dəyişməsinə səbəb ola bilər?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirdi ki, ümumi prosesə nəzər yetirdikdə hər zaman Ermənistanın revanşist qüvvələrinin Rusiyaya arxayın olduğunu müşahidə etmişik:
“Bu 30 ilə yaxın müddətdə hər zaman belə olub. Ermənistan Rusiyaya güvənərək Azərbaycana qarşı bir sıra məkrli planlarını həyata keçirib. Ermənistanda son baş verən partlayışa görə Rusiya ilə arasında münasibətlər kəskinləşib. Münasibətlərin kəskinləşməsi bir tərəfdən Ermənistandakı siyasi proseslərə, digər tərəfdən isə Rusiyadakı bir sıra dairələrin Ermənistana davamlı dəstəyinə təsir göstərə bilər. Artıq Ermənistan hər zaman olduğu kimi Rusiyaya güvənmir. Ermənistan siyasi dairələri fikirləşirdi ki, Rusiya sülhməramlıları Azərbaycan ərazisində müvəqqəti yerləşdikdən sonra onlar orada Ermənistanın qarant rolunu oynayacaqlar və ermənilər onlara güvənərək təxribatlar törədəcək. Son hadisələr göstərdi ki, vəziyyət heç də elə deyil. Azərbaycan qətiyyətli mövqe ortaya qoydu”.
Deputatın fikrincə, Rusiya sülhməramlıları Rusiyanın müəyyənləşdirdiyi vəzifəni yerinə yetirir: “ Zaman-zaman müxtəlif yanaşmaları da müşahidə edirik. Amma burada əsas məsələ odur ki, cənab Prezidentin də qeyd etdiyi kimi bu ərazilər Azərbaycan ərazisidir və Azərbaycan burada istədiyi əməliyyatı keçirə bilər. Heç bir zəng Azərbaycanı bu yoldan döndərə bilməz. Rusiya sülhməramlıları ilə bağlı ermənilərin arzuları puç olub. Bu gün Qarabağda hakim güc Azərbaycandır. Heç də ermənilərin düşündüyü kimi Rusiya sülhməramlısı onların qarantı rolunda çıxış etmir. Tarixi bir fürsət yaranıb. Azərbaycan da bu fürsətdən maksimum yararlanaraq qarşısına qoyduğu hədəf və məqsədlərə doğru irəliləməlidir. Səbirlə, təmkinlə prosesin başa çatmasına çalışmalıyıq. Rusiya ilə də münasibətlərimizi qorumalıyıq”.
//Safura Bənnayeva, Editor.az

