Ermənistan Azərbaycana qarşı “hücum plan”ları qurur?- “Ordumuz hər an tətikdədir”backend

Ermənistan Azərbaycana qarşı “hücum planları” qurur?- “Ordumuz hər an tətikdədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yenidən müharibənin başlayacağı, xüsusən də Ermənistanın bu müharibəni başladacağı ehtimalı görünən odur ki, müəyyən dairələr tərəfindən məqsədli şəkildə irəli sürülür. İddialar uzun zamandır ki, gah Azərbaycanın, gah da Ermənistanın müharibə edəcəyi kontekstində yayılıb”.

Bunu politoloq Azər Qasımov Editor.az-a açıqlamasında 24 aprel- qondarma “soyqırımı”nın ildönümü ərəfəsində Ermənistanın Azərbaycana hücum edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

A.Qasımovun sözlərinə görə, Ermənistanın hansısa tarixdə Azərbaycana hücum edəcəyi xəbərləri maraq doğuran haldır:

“Azərbaycanın belə bir potensialı olsa da, öz gücünə arxayın olsa da, kiməsə hücum etmək planları yoxdur. Ermənistan isə ordusu, silah-sursatının böyük bir hissəsi məhv edilmiş və ya qənimət götürülmüş məğlub ölkədir. Hansı hərbi potensialına güvənib Ermənistan Azərbaycana hücum edə bilər? Ermənistana yeni verilən müəyyən silahlar sadəcə onu təsəlli etmək üçündür. Ermənistan ordusunun əsgərinin əli indi-indi ən müasir silahlara toxunur. Azərbaycan əsgəri isə artıq bu müasir silahlarla öz işini görüb başa çatdırıb. Son dövrlərdə də daha da yeni silah-sursat əldə edib. Bütün bunları bilə-bilə Ermənistanın qeyd edilən kimi Azərbaycana hücum planları cızma ehtimalı yox dərəcəsindədir, olsa belə bu, intihara bərabər haldır. Təbii ki, Ermənistan adekvat ölkə deyil. O, kimlərinsə əlində oyuncaqdır. Ona deyilənləri etmək məcburiyyətində ola bilər. Amma məhv olmaq qorxusu Ermənistan üçün kimlərinsə əmrlərini yerinə yetirməkdən üstün olmalıdır”.

Politoloq vurğulayıb ki, yayılan xəbərlər regionda vəziyyəti gərginləşdirməyə hesablanıb və Ermənistanı müharibəyə sürükləmək istəyən qüvvələr tərəfindən yayılır:

“Amma buna baxmayaraq Azərbaycan yenə də hər məlumata ciddi yanaşır. Azərbaycan Ordusu hər an tətikdədir. Ermənistanın belə bir səhvi etməsi Azərbaycan üçün də vacibdir. O zaman günah Azərbaycandan gedəcək. Əzəli Azərbaycan torpaqlarının geri qaytarılması an işi olacaq. Dünya da bizə heç nə deyə bilməyəcək”.

//Gülnarə Abasova, Editor.az