Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən, ərazi bütövlüyümüzün təmin olunmasından sonra ölkəmizə qarşı təzyiqlər artıb. Paşinyanın yazıq görkəm alaraq Qərbə sığınmasından sonra bu kimi fəaliyyətlər daha da güclənib. Azərbaycanın COP29 kimi mühüm, beynəlxalq səviyyəli tədbirə ev sahibliyi etdiyi dövrdə ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlar daha da fəallaşıblar.
Azərbaycana döyüş meydanında məğlub olan Ermənistan hazırda çətin günlər yaşayır. Onlar məğlubiyyəti həzm edə bilmirlər. Bu səbəbdən də onlar Azərbaycana qarşı hibrid savaş açıblar. Ermənistana bu yolda dəstək olanlar da çoxdur. Azərbaycanın uğurlarını gözü götürməyən, Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməyə çalışan Fransa Ermənistana dəstək olan ölkələr sırasında liderdir. Erməniyə ermənidən daha çox canıyanan Makron öz qərəzini Azərbaycana qarşı siyasətdə aşkar şəkildə göstərir.
Ermənipərəst ekspertlər, siyasətçilər, satın alınmış şəxslərin açıqlamaları, xüsusən də son günlərdə dərc edilən Azərbaycana qarşı ittiham dolu fikirlər Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsinin bir hissəsidir. Real cəbhədə Azərbaycana məğlub olan Ermənistan bu yolla üstünlüyü ələ almağa çalışır. Onlar Azərbaycanla bağlı beynəlxalq informasiya məkanında neqativ gündəm formalaşdırılıb.
Maraqlısı budur ki, ermənilərin təsir altına aldığı şəxslərin demək olar ki, hamısının adı korrupsiya qalmaqalında hallanır. Məsələn elə Frank Şvabenin özü korrupsiyaya bulaşmış, USAİD-in rəhbəri Samanta övladının adını “erməni soyqırımı”nın şərəfinə adlandıran, Ruben Vardanyanla yaxın dostluq münasibətində olan, onun tədbirlərində çıxış edən bir şəxsdir. Eləcə də, ermənilərin pulla satın aldığı bu kimi şəxslərdən ibarət siyahını daha da uzatmaq olar.
Dildə sülh deyib, əməldə isə əksini göstərən Ermənistan görünür Azərbaycanın gücünü, qüdrətini unudub. Onlar Cənubi Qafqazda sabitlik istəmir. Döyüş meydanında həddindən artıq itkilər verən, maliyyə böhranı ilə üz-üzə qalan Ermənistan vəziyyətdən çıxmaq üçün müttəfiqlərinin köməyindən istifadə edərək Cənubi Qafqazda vəziyyətin yenidən gərginləşməsinə səbəb olur. Biz də bunu gözardı etməməli, düşmənimizin bizə “altdan-altdan” müharibə etməsinin sürprizlərinə hazır olmalıyıq.
Milli.Az