Ermənistan Azərbaycanı yenidən müharibəyə çəkməyə çalışır- İrandan onlara DƏSTƏKbackend

Ermənistan Azərbaycanı yenidən müharibəyə çəkməyə çalışır- İrandan onlara DƏSTƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran İslam Respublikası Azərbaycan Respublikasına olan münasibətinin xoşməramlı olmadığını bu tip məsələlərlə  sərgiləyir”

Bu sözləri  Editor.az-a “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İranın Naxçıvanla sərhədə hərbi texnika yığmasının səbəbini şərh edərkən bildirib.

Politoloq Cənubi Qafqazda baş verənlər fonunda Ermənistanın Azərbaycanı yenidən müharibəyə çəkməyə çalışdığını xüsusi diqqətə çəkib:

” İran Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistanın qanunsuz silahlı hərbi birləşmələrini gücləndirmək, silahlandırmaq istiqamətində fəaliyyət göstərir. Bu məsələdə Ermənistana Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya “sülhməramlı” hərbiçiləri də dəstək verir. Digər tərəfdən rəsmi İrəvan Azərbaycanla sərhədyanı ərazilərə hərbi qüvvə yerləşdirir. Eləcə də bu istiqamətlərdə təxribat törədərək Azərbaycanı guya atəşkəsi pozmaqda ittiham etməyə çalışır. Azərbaycan tərəfi isə Ermənistana münasibətlərin normallaşması, Qarabağ iqtisadi rayonundakı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələsini gündəliyə gətirir, Qarabağdakı erməni icmasına, Bakıda görüşlər təklif edir. Bütün bunlar Azərbaycanın addımlarının sülhməramlı olduğunun göstəriciləridir. İran tərəfi isə son ayda Azərbaycan-İran  sərhədi boyu qanunsuz uçuşlar etmək və hərbi təlimlərə hazırlıq keçməklə Azərbaycanı təhdid edir. Əslində bu təhdid təkcə Azərbaycana deyil, həm də tərəfdaşlarımız İsrail, ABŞ və NATO- ya qarşıdır. Çünki Azərbaycan İsrail, NATO, ABŞ-la hərbi , təhlükəsizlik, energetika məsələlərində müxtəlif layihələr çərçivəsində əməkdaşlıq davam edir. Məsələn İran tərəfi Azərbaycan sərhədboyu uçuşlar etdikdə  ABŞ dövlət katibi Entoni Blinken bəyan etdi ki, Azərbaycanın təhlükəsizliyini gücləndirmək lazımdır. ABŞ Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında sabitliyi, sülhü dəstəkləyən dövlətdir. Bunların heç biri İran hakimiyyətinin maraqlarına uyğun gəlmir. Ona görə də rəsmi Tehran Azərbaycanı müxtəlif təxribatlara təhrik etməyə çalışır”.

Sədrəddin Soltan martın 25-də Belçikanın paytaxtında, Avropa Parlamentinin binası qarşısında “Azadlıq və ədalət marşı” şüarı keçirilən mitinqdən də danışıb:

“İzdihamlı mitinqdə Avropada yaşayan Cənubi Azərbaycandan olan türklər iştirak ediblər. Bununla onlar bütün dünyaya Azərbaycan türklərinin İrandakı tələblərini çatdırdılar. İran hakimiyyəti isə Güney Azərbaycan ərazisinə əlavə hərbi qüvvələr yerləşdirmək üçün müxtəlif bəhanələrdən istifadə edir. Hesab edirəm ki, Naxçıvanla sərhəd əraziyə əlavə qüvvələrin yerləşdirməsi də İranın Güney Azərbaycan ərazisinə əlavə hərbi qüvvə yerləşdirməsi cəhdlərindəndir. İran hakimiyyəti bununla həm də Azadlıq! Ədalət! Milli hökumət” şüarının tərəfdarlarına qarşı öz gücünü nümayiş etdirir”.

//Gülnarə Abasova, Editor.az