Ermənistan Azərbaycanın bu təklifini rədd etdi- Əsas plan qüvvəyə minir?backend

Ermənistan Azərbaycanın bu təklifini rədd etdi– Əsas plan qüvvəyə minir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Azərbaycan artıq 5-ci gündür ki, böyük beynəlxalq tədbirə ev sahibliyi edir. Hər il müxtəlif ölkələrin ev sahibliyi etdiyi COP sammitinin 29-cu “Tərəflərin Konfransı” bu il paytaxt Bakıda baş tutur. Bu sammit noyabrın 11-də başlayıb və 22-dən davam edəcək. Bundan əvvəlki tədbir yəni COP28 keçən il Dubayda keçirilmişdi. Əsas məqsəd isə qlobal problem hesab edilən iqlim dəyişikliyi ilə mübarizədir.

COP29 sammiti çərçivəsində ölkəyə çox sayda xarici qonaq, ölkə liderləri, siyasilər, media nümayəndələri və s. gəlib. Dəvət edilən ölkələr arasında Ermənistan da var idi. Lakin erməni nümayəndələri Bakının təklifini qəbul etmədilər.

Bunun səbəbi nədir? COP29 çərçivəsində hansı mühüm hazırlıqlar görülüb?

Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, COP29-a ev sahibliyi etmiş ölkələrlə müqayisədə Azərbaycanın bu tədbirə hazırlaşması üçün yalnız 10 ay var idi. Digər dövlətlər isə ən azı 2 il müddətində bu prosesə hazırlaşıblar:

“Buna baxmayaraq, Azərbaycan qısa bir müddətdə COP29-la bağlı bütün hazırlıq işlərini vaxtından əvvəl yekunlaşdırdı. Hazırda COP29 uğurla həyata keçirilməkdədir. Bakıya gələn dünya liderləri, ekspertlər, siyasətçilər və digər xarici qonaqların fikirlərini eşitdikdə bu işin öhdəsindən gələ bildiyimizdən əmin oluruq. COP30 keçirilənə qədər rəhbərlik Azərbaycanda olacaq. Bakı bu proseslərdə növbəti bir il ərzində də yaxından iştirak edəcək. COP29 zamanı qəbul edilmiş qərarlar regionumuz, dünya üçün faydalı olacaq. Bütün hədəflər reallaşacaq”.

Deputatın sözlərinə görə, Ermənistan da tədbirə dəvətli ölkələr arasında idi:

“Təəssüflər olsun ki, rəsmi İrəvan tədbirələrə qatılmayaraq bu şansı düzgün dəyərləndirmədi. Ermənistan COP29-a qatılsaydı, sülh istiqamətində müsbət addım atmış olardı. Lakin görndüyü kimi Ermənistan vaxt qazanmağa meyillilik siyasəti həyta keçirir. Öz öhdəliklərindən boyun qaçırırlar. Azərbaycana uzun illər vurduqları ziyanı unutmaq, unutdurmaq istəyirlər. Özlərini sülh mələyi kimi göstərsələr də əslində sülhün baş tutmasının qarşısını almağa çalışırlar. Xüsusilə də COP29-un siyasi deyil, iqlim dəyişikliyi ilə bağlı məsələ olduğunu nəzərə alsaq ən azından xarici işlər naziri səviyyəsində tədbirdə təmsil oluna bilərdilər”.

Naqif Həmzəyev Azərbaycanın diqtəsi ilə sülhəməcburetmə əməliyyatının uğurla həyata keçiriləcəyini düşünür:

“Ermənistan gec-tez reallıqları qəbul edəcək və tezliklə sülh müqaviləsinin imzalanacağının şahidi olacağıq. Azərbaycanın COP29-la bağlı götürdüyü öhdəlikləri ən yüksək səviyyədə təmin etməsi növbəti uğurumuz kimi dəyərləndirilməlidir. Xüsusilə də dəvətimizi qəbul edərək ölkəyə gələn, həmrəylik nümayiş etdirən dünya liderlərinə, bütün iştirakçılara dərin təşəkkürümüzü bildiririk. Bu tədbirlərdə əldə ediləcək razılıqlar gələcəkdə görüləcək işlər üçün müsbət təcrübə olacaq. Azərbaycanın irəli sürdüyü sülh çağırışları növbəti COP tədbirlərində də davam etdiriləcək. Hətta gələcəkdə sözügedən sammitə ev sahibliyi edəcək ölkələrdə də Azərbaycan təcrübəsi yaxından öyrəniləcək.  Tədbirlərin əsas məqsədi iqlim dəyişikliyi ilə bağlı maliyyə axtarışlarının həyata keçirilməsi, dövlətlərin öz öhdəliklərini yerinə yetirməsi, əlavələr etməsi idi. Nəticədə həmin həmrəyliyin şahidi olacağıq”.

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili isə məsələyə belə münasibət bildirir:

“Azərbaycan dünyamiqyaslı beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycan tarixində bu günə qədər keçirilən ən böyük beynəlxlaq tədbirdir. Rəsmi Bakı dünyada belə möhtəşəm tədbirlərin həyata keçirildiyi məkana çevrilib. Azərbaycan regionun lider dövləti, siyasi məkanı hesab edilir.  Bakı dünyanın siyasi beyin mərkəzinə çevrilib. Dünya liderlərinin qərar qəbul etdiyi məkandır. Ölkəmiz həqiqətən də bu tədbirə yüksək səviyyədə hazırlaşdı. Ölkə başçısının, məmurların, media və QHT-lərin səfərbər olması mövzunun aktuallığından xəbər verir. Bu işin öhtəsindən yüksək səviyyədə gəldik. Bütün təzyiqlərə, təxribatlara rəğmən Azərbaycan dövləti, xalqı birlik oldu. Bu gün COP29 sammitinin başlamasının 5 günüdür. Dünya mediasının gündəmi Bakıdır”.

Toğrul Allahverdilinin sözlərinə görə, Azərbaycana qarşı qarayaxma kampaniyası davam etməkdədir:

“Ölkəmizə qarşı durmadan, usanmadan bütün çirkabları atan şəxslər hazırda sözügedən prosesi icra etməklə məşğuldurlar.  Bəzi sapı özümüzdən olan baltalar da həmin kampaniyalara qoşulur, çirkin oyunun alətinə çevrilirlər”.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Gülnarə Abasova, Editor.az