“Azərbaycan Ermənistanı beynəlxalq hüquqdan və üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Artıq neçənci dəfədir ki, bu kimi çağırışların şahidi oluruq. Bəs görəsən bu dəfə Ermənistan tərəfi hansı addımı atacaq?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, İkinci Qarabağ müharibəsi işğal dönəmi və müharibəyə qədər olan bütün reallıqları dəyişib:

“Münaqişədən sonra bəzi problemlər hələ də mövcuddur. Bunların həlli ilə bağlı Azərbaycan və Ermənistan arasında 10 noyabr bəyanatı imzalanıb. Burada mövcud problemlərin həlli istiqamətində tərəflər öz üzərilərinə öhdəlik götürüblər. İkinci Qarabağ müharibəsindən sonra şərtlərin tamamilə fərqli şəkildə müəyyən olunduğu bir vaxtda Ermənistan yenə də təxribatçı siyasətini yürütməkdə davam edir. Bu da Azərbaycanın haqlı çağırışlarına gətirib çıxardır. 10 noyabr bəyanatından sonra Rusiyanın vasitəçiliyi ilə üç görüş keçirildi. Görüşlərdə müxtəlif bəyanatların imzalanmasının şahidi olmuşuq. Bu bəyanatlarda da Azərbaycanın Ermənistan tərəfinə etdiyi çağırışlara uyğun müddəalar öz əksini tapıb. Ermənistan da buna uyğun öhdəliklər üzərinə götürüb. Bundan sonra Ermənistan baş naziri Nikol Paşinyan öz imzasına hörmət edib həmin vəzifələri yerinə yetirməli idi. Amma biz bunun reallaşdığını görmədik. 2021-ci ilin 14 dekabrından başlayaraq Brüssel platforması baş tutdu. Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən 4 görüşün də taleyi Moskva görüşləri ilə eyni oldu”.
Siyasi ekspert qeyd edib ki, 2022-ci ilin 11 mart tarixində Azərbaycan XİN Ermənistana 5 baza prinsipi əsasında sülh sazişi ilə bağlı təklif irəli sürüb:
“Tarixdə bəlkə də ilk dəfə rastlanan hadisədir ki, qalib tərəf kapitulyasiyaya uğramış tərəfə sülh əlini uzadır. Amma bunun qarşılığında Ermənistan Azərbaycana 6 bəndlik şərt irəli sürür. Ermənistan bütün çağırışlara etinasız yanaşırsa, Azərbaycanın yalnız bir yolu qalır. O da 30 il işğal altında qalan torpaqlarımızın 44 gün ərzində azad edildiyi kimi, Ermənistanın məkrli niyyətlərinə uyğun addımların atılmasına əsas verir. Azərbaycanın siyasi və hərbi elitasının bir mövqeyi var. Bu da ölkəmizin, xalqımızın mənafelərinə xidmət edir. Prezident İlham Əliyev hansı addımı nə vaxt atacağını çox gözəl bilir. Biz bunun növbəti mərhələdə şahidi olacağıq”.
//Safura Bənnayeva, Editor.az

