“Bu məsələdə Azərbaycanın haqlı tələbləri var”.
Bunu Editor.az-a AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın açıqlamasında “Dənizə çıxışı olmayan Ermənistanın regionda bütün infrastrukturların blokdan çıxarılmasında və daha da inkişaf etdirilməsində maraqlı olması, suverenliyinə və yurisdiksiyasına, qarşılıqlılıq və bərabərlik prinsiplərinə hörmət əsasında regional infrastruktur layihələrinin bir hissəsi olmağa hazır olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan əgər sülh sazişini istəyirsə, ilk növbədə bundan öncə imza atdığı sazişlərə sadiqliyini nümayiş etdirməlidir:
“Söhbət 10 noyabr 2020-ci il üçtərəfli bəyanatından gedir. Həmin bəyanatdakı razılaşmaya görə, Ermənistan Mehri yolu ilə yanaşı, Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında kommunikasiya xətləri açmalı idi. Artıq üç ildir ki, bu məsələ həll edilməyib. Ermənistan, xüsusilə Paşinyan hakimiyyəti əgər özlərinin atdığı imzanın arxasında durmursa, bundan sonraki imzalarına biz necə inana bilərik ?
Bu məsələ bizim üçün prinsipiallıq baxımından da önəm kəsb edir”.
K. Məmmədlinin fikrincə, paralel olaraq rəsmi Bakının öz alternativləri var:
“Bu da İrandan keçən yoldur. Ancaq Ermənistanın belə bir alternativi yoxdur. Coğrafi baxımdan Zəngəzur dəhlizinin açılması digər dövlətlərlə ticarət, nəqliyyat, kommunikasiya əlaqələrinin qurulması anlamına gəlir buda Ermənistana yeni imkanlar yaradır . Bu baxımdan Ermənistan oyundan kənar qalmaq istəmir.Çünki Azərbaycan hər iki dəhliz/yol prosesində iştirak edir, fərq etməz bu İrandan keçəcək yoxsa Ermənistandan ancaq ermənilər yolun İrandan keçməsi durumunda prosesdən kənarda qalacaq “.
//Safura Bənnayeva, Editor.az

