Ermənistan azərbaycanlı əsgəri qaytarmasa… – Türkiyədən reaksiyabackend

Ermənistan azərbaycanlı əsgəri qaytarmasa… – Türkiyədən reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ordusunun Naxçıvanda itkin düşən hərbçisi Hüseyn Axundov bu gün Ermənistan tərəfindən saxlanılıb. Ermənilərə məxsus sosial şəbəkə hesablarında azərbaycanlı əsgərin fotoları və videosu yayılıb. Əsgər H.Axundov ermənilər tərəfindən amansız işgəncələrə məruz qalıb, qeyri-insani rəftarla üzləşib. 

Ombudsman Səbinə Əliyeva hərbçimizə işgəncə verilməsi ilə bağlı görüntülərə münasibət bildirərkən deyib ki, “Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir və hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdır.

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq həmin hərbi qulluqçularımıza baş çəkilməsini və onların vəziyyəti ilə bağlı məlumatların verilməsini tələb edirəm”, – deyə ombudsman vurğulayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, yayılmış videogörüntlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb.

Ermənistan beynəlxalq qanunlara riayət etməsə, Azərbaycan hansı addımları atmalıdır?

Əsgərimizin işgənclərə məruz qalması barədə Modern.az-a danışan türkiyəli hərbi ekspert Abdullah Ağar deyib ki, Ermənistan insanlığa sığmayan addım ataraq beynəlxalq razılaşmaları pozur.

“Tərəflər arasında gərginlik davam edir. Bu yaxınlarda baş verən toqquşma nəticəsində hər iki tərəf itki verib. Ermənistan alovun üstünə benzinlə gedirmiş kimi Azərbaycan xalqı və dövlətinin əsəbi ilə oynayır.  Silahlı əsgərin işgəncələrə məruz qalması beynəlxalq hüququn pozulmasıdır. Çünki həmin əsgər hava şəraitinin pis olması səbəbi ilə yolunu azaraq, Ermənistana keçib. Əsir düşmüş əsgər Ermənistan üçün heç bir təhdid təşkil etmir. Ermənistan isə belə vəziyyətdə acizlik edərək, ona işgəncələr verir. Halbuki ermənilər gərginliyin azalması üçün addım ata bilərdilər. Onlar isə vəziyyəti daha da ağırlaşdırır”, – deyə türkiyəli ekspert bildirib.

A.Ağar vurğulayıb ki, Ermənistan sıravi əsgərə qeyri-humanist rəftar göstərməklə böyük səhvə yol verdi:

“Nəticə olaraq bu, insanlıq, mədəniyyət və müharibə cinayətidir. Qeyd olunan aspektlərdən baxdığımız zaman Ermənistanın böyük səhv etdiyini deyə bilərik. Çünki ortada strateji bir həmləni göstərən rəsm yoxdur. Sən yolunu itirmiş əsgərə necə işgəncə, zülm edə bilərsən?! Bunlar hamısı qarşı tərəfin acizliyini göstərir. Ermənistanın atdığı addımlar özünün kimliyini nümayiş etdirir. İrəvan bu hərəkətlə çox təhlükəli işə imza atdı. Görünən odur ki, Ermənistan əlinə düşən hər fürsətdən gərginliyi artırmaq üçün çalışır. Azərbaycan əsgərinə verilən işgəncə beynəlxalq sövdələşmənin pozulması deməkdir. Təbii ki, Azərbaycan hakimiyyəti diplomatik yolla həmin əsgərlərin geri qaytarılmasını tələb edəcək. Ancaq Ermənistan onları geri qaytarmasa, Azərbaycan lazım olan addımları atacaq”.

Yenisabah