“Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə razılaşmaqdan başqa heç bir yolu qalmayıb. Ağıl da məntiq də onu göstərir ki, Ermənistan siyasi baxımdan aslılıqdan qurtulmaq istəyirsə, başqa dövlətlərin əlaltısı və siyasi təsir aləti olmaq istəmirsə, mütləq şəkildə Zəngəzur dəhlizinin açılması ilə razılaşmalıdır. Əslində Zəngəzur dəhlizi məsələsinin təkcə Ermənistan yox, onu silahlandıran Fransa və İranın da mövqelərinə uyğun olmadığını məlumdur”.
Bunu Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.
Onun sözlərinə görə, regionla bağlı Fransa və İran öz siyasi ambisiyaları naminə regionun dirçəlişinə xidmət edəcək Zəngəzur dəhlizi kimi önəmli bir layihənin açılmasını məhz bu aspektdən əngəlləməyə çalışır:
“Ermənistanın da dəhlizin açılması ilə bağlı vəziyyəti dalana dirəyəcək addımlar atmaması lazımdır. Çünki Ermənistan yaxşı başa düşür ki, dəhliz açılmayacağı təqdirdə baş nazir Nikol Paşinyanın irəli sürdüyü “sülh kəsişmə”si və bunun kimi bir sıra gülünc doğuran layihələrin regionda heç bir əhəmiyyəti və önəmi yoxdur. Ona görə də Zəngəzur dəhlizi layihəsi hesab edirəm ki, əvvəl-axır reallaşacaq.
Ermənistanı qızışdıran qüvvələr bu layihənin əleyhinə apardıqları bütün siyasi kampaniyaların məğlubiyyətə düçar olacağını yaxşı başa düşürlər. Çünki dünyada artıq geopolitik nizamlar dəyişib. Eyni zamanda, Çin kimi önəmli iqtisadi güc var ki, o da Orta Dəhliz layihəsinin daha işlək olmasına çalışır. Orta Dəhlizin daha çevik olması üçün də Zəngəzur dəhlizi önəmli həlqələrdəndir”.
//Gülnarə Abasova, Editor.az