“Zəngəzur dəhlizi məsələsinin ABŞ-ın “Nyu York Tayms” qəzetinin xüsusi diqqət yetirməsi və bununla bağlı ayrıca məqalə yazılması ondan xəbər verir ki, bu, yalnız Azərbaycan-Ermənistan arasında deyil, həm də qlobal əhəmiyyətli bir məsələyə çevrilib. Belə ki, dəhlizlə bağlı müxtəlif güc mərkəzlərinin maraqları var”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, bir çox qüvvələr sözügedən nəqliyyat dəhlizinə nəzarət etməyə çalışır:
“Belə ki, üçtərəfli bəyanatın 9-cu maddəsində Ermənistan tərəfi öz üzərinə götürdüyü öhdəliklə bildirir ki, bu istiqamətdə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqələrin təhlükəsiz və maneəsiz keçidinə şərait yaradır, rus sərhəd qoşunları isə buna nəzarət edirlər. Hazırda Ermənistan bu öhdəliyindən yayınmağa çalışır və bununla bağlı onu dəstəkləyən dövlətlər var. Prosesdə daha çox manipulyasiya edilən termin kommunikasiya xətləri üzərində ölkələrin suveren hüquqlarının təmin edilməsi və nəzərə alınmasıdır. Azərbaycan isə buna etiraz etmir. Ancaq ABŞ, Qərb həmin dəhlizə Rusiyanın nəzarət etməsinin əleyhinədirlər. Məhz bu səbəbdən noyabr ayında ABŞ konqresində keçirilən dinləmələrdə dövlət katibinin müavini Ceyms OBraynın İrandan keçəcək alternativ yolun açılmasının əleyhinə olduğunu və buna imkan verməyəcəkləri ilə bağlı bəyanat səsləndirmişdi ki, bu, qəbuledilməzdir. Azərbaycan da bunu qəti şəkildə rədd etdi. Bununla da ABŞ-la münasibətlər bir qədər soyudu.
Bir qədər sonra Amerika tərəfi bu yanlışı düzəltmək üçün ölkə başçısı İlham Əliyevə telefon açdı və bu mövzu arxa plana atıldı. ABŞ-ın da mövqeyi bundan ibarət idi ki, həmin dəhliz Ermənistanın şərtləri ilə açılmalıdır. Bu da Azərbaycan üçün məqbul deyil. Çünki Ermənistanın verəcəyi təhlükəsizlik təminatı yetərli deyil. Sual olunur ki, Ermənistan özünün bir dövlət olaraq təhlükəsizliyini təmin edə bilmədiyi halda bu dəhliz və kommunikasiya xətlərinin təhlükəsizliyinə necə təminat verə bilər? Zəngəzur dəhlizinə qlobal güclərdən Çin, Türkiyə, Rusiyanın xüsusi marağı var. Çünki Çinin Avropa ilə əlaqələrini təmin edəcək “Bir yol, bir kəmər” layihəsinin bir hissəsi də məhz bu ərazidən keçməkdədir. Bu baxımdan beynəlxalq media qurumlarının bu məsələyə xüsusi diqqəti təbiidir”.
//Gülnarə Abasova, Editor.az

