“Qarabağdakı separatçı rejim tərəfindən verilən son açıqlama növbəti dəfə erməni yalanı, hiyləgərliyidir”.
Bu fikirləri Editor.az-a hərbi ekspert Elxan Şıxəliyev Qondarma Artsax rəsmisinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Sözügedən açıqlamada “Aprelin 4-də “Artsax” vətəndaşlarının hüquqlarının növbəti kobud şəkildə pozulması baş verib. Bu da Azərbaycanın real məqsədlərini nümayiş etdirir. Belə ki, Azərbaycan avtomobilləri dayandırıb, 5 saat ərzində onların içərisində olanları, əsasən qadın, uşaq və qocaları psixoloji hədə-qorxuya məruz qoyub”-kimi iddialar yer alıb.
Hərbi ekspertin sözlərinə görə, hər zaman Qarabağ üzərindən niyyətlərini həyata keçirmək istəyən ermənilər real olmayan informasiyaları yayırlar:
“Məsələ BMT-yə gedib çıxsa da bu təşkilata üzv olan ölkələr Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu yalan informasiya müharibəsindən başqa birşey deyil. Beynəlxalq məhkəmədən də istədikləri nəticəni əldə edə bilmədikləri üçün məyus olublar. Azərbaycanın artıq addım-addım Laçın yolu üzrə nəzarəti ələ keçirdiyini qəbul etməlidirlər. Bu hələ başlanğıcdır. Qarabağ erməniləri də vətəndaşlığımızı qəbul edib ərazilərimizdə rahatlıqla yaşaya, Azərbaycanın nəzarətini qəbul etməyənlər isə istədikləri ölkəyə gedə bilərlər. Digər tərəfdən də ərazilərimizdəki qeyri-qanuni erməni birləşmələri təmizlənməlidir. Daxildəki terror təşkilatını kimsə həm maliyyələşdirib, həm də silahlandıracaqsa, ölkəmiz bunu görməzdən gələ bilməz. Hədəflərimiz böyükdür. Mərhələ-mərhələ də bu proses davam edəcək. 2023-cü il həlledici ildir”.
//Safura Bənnayeva, Editor.az

