“Ermənistan bununla göstərmək istəyir ki, baş verənlər ABŞ-la razılaşdırılıb”-ABŞ hansı mövqeni sərgiləyir?  backend

“Ermənistan bununla göstərmək istəyir ki, baş verənlər ABŞ-la razılaşdırılıb”-ABŞ hansı mövqeni sərgiləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü keçirilib. Blinken Twitter hesabında görüş barəsində bunları yazıb: “Nyu Yorkda BMT Baş Assambleyasında Ermənistan baş naziri Nikol Paşinyanla yaxşı görüş keçirdik. Ermənistanın təhlükəsizliyini müzakirə etdik. Tərəfləri sülh prosesi ilə məşğul olmağa çağırmağa davam edirik, belə ki, münaqişənin hərbi həlli ola bilməz. Məsələnin hərb yolu ilə həlli qəbuledilməzdir”.

Maraqlıdır, ABŞ sülh yolunun tərəfdarıdırsa, niyə 30 il müddətində Ermənistan-Azərbaycan münaqişəsi “diplomatik” yolla həllini tapmadı?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Yeganə Hacıyeva bildirdi ki, diplomatik həlli yolu təcrübəsi haqqında onu deyə bilərik ki, münaqişənin nizamlanmasının ilk illərində Azərbaycan dövləti və cəmiyyəti olaraq ABŞ-ın da həmsədr olduğu ATƏT-in Minsk Qrupundan gözləntilərimiz var idi:

“Biz yeni müstəqil dövlət olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin nizamlanma prosesində uğurlu ola biləcəyini ehtimal edir və münaqişənin nizamlanmasına başlandığı ilkin illərdə bunu müsbət dəyərləndirirdik. Çünki həmsədr ölkələr həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan üç ölkə idi. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri kimi keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 4 qətnamənin tərtib olunmasında iştirak etmiş və ona səs vermişdi. Amma təəssüf ki, bu gözləntimiz özünü doğrultmadı. Əvəzində isə Minsk Qrupunun təkcə bizimlə deyil, ATƏT coğrafiyasında bütövlükdə BMT TŞ-nin qətnamələrinin icra edilməsinə yetərincə səy göstərməməsi, bəzən isə açıq-aydın bu qərarların əksinə atdığı addımlarla təhlükəsizlik səylərinin sabotaj edilməsi ilə üz-üzə qaldıq. ABŞ-ın həmsədr olduğu ATƏT-in Minsk Qrupu 30 ilə yaxın bir dövr ərzində öz fəaliyyətsizliyi, faktiki nizamlama prosesini dondurmaqla, real təkliflər və təsiredici mexanizm ortaya qoymadan vaxt uzatmaqla özü özünü proseslərdən kənarlaşdırdı. Nəticədə də 28 ildən sonra Azərbaycan məcbur qalaraq BMT TŞ-nin qətnamələrini özü icra edib 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. Yəni Ermənistandan diplomatik yolla addımlar atmasını gözləməyin özünün sadəlöhvlük olması ən yaxşı elə ABŞ-a məlumdur”.

Politoloqun sözlərinə görə, ABŞ-ın Cənubi Qafqazda regional münaqişələrin həllində birbaşa təsir mexanizmi olmayıb:

“Daha doğrusu, ABŞ Qarabağ münaqişəsinin həllində uzun müddət Minsk Qrupunun həmsədr ölkəsi kimi səy göstərib. Amma İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni formatda birbaşa iştirakçı deyil. Belə vasitə əlindən çıxdığı üçün ABŞ bu mövzunu yenidən yeni formatlarda aktivləşdirmək istəyir. Məsələn, uğursuz Minsk Qrupunu “reanimasiya etmək” Ermənistanla kuluarlarda Qarabağa “sülhməramlı” missiya həyata keçirmək və ya “nəzarət mexanizmi” formalaşdıra bilmək kimi absurd müzakirələr haqqında məlumatlarla müşayiət olunur”.

Yeganə Hacıyeva qeyd edir ki, son təxribatla Ermənistan növbəti dəfə sülh sazişinin imzalanmasına qarşı olduğunu sərgilədi:

“Bu genişmiqyaslı təxribatdan dərhal sonra baş verənlər ondan xəbər verir ki, Ermənistan buna hərtərəfli və uzun müddət ərzində hazırlaşıb. Özü də bu təxribatla bağlı təkcə daxili deyil, xarici qüvvələri də səfərbər etdi. Məsələ burasındadır ki, Brüssel görüşündən sonra sülh sazişinin mətninin hazırlanması üçün konkret vaxt qoyuldu. Lakin Brüsseldə bununla bağlı üzərinə öhdəlik götürən Ermənistan bunun ardınca belə genişmiqyaslı təxribat törətməklə məsələdən yayınmaq istəyir. Yəni Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün belə təxribata əl atdı. Eyni zamanda, bu təxribatın ABŞ Dövlət Departamentinin rəsmisinin Ermənistana gəlib-gedəndən sonra olması da təsadüf kimi görsənmir. Nəhayət, bütün bunlar Ermənistan rəsmilərinin Rusiya ilə müntəzəm danışıqlar apardığı bir vaxtda baş verir.  ABŞ-dakı erməni lobbisinin sifarişi də öz rolunu oynayıb. Xatırladım ki, 2020-ci ildə 44 günlük müharibəyə səbəb olan iyul gərginliyinin sifarişi ABŞ-dakı erməni lobbisindən gəlmişdi. Son təxribatın da sifarişi məhz ordan gəlib. Ermənistan bununla göstərmək istəyir ki, guya baş verənlər ABŞ-la razılaşdırılıb”.

//Safura Bənnayeva, Editor.az