“Ermənistanın sülhlə bağlı müstəqil qərar verə bilməməsi gün kimi aydındır. Sülh müqaviləsinin yubanmasının ən əsas səbəbi budur. Müharibə 3 ildən çoxdur başa çatıb, amma Ermənistanın baş naziri Nikol Paşinyan hər dəfə sülhlə bağlı ziddiyyətli fikirlər səsləndirir. Danışıqlar masasında özünə dayaq axtarır. Amma özü də dərk edir ki, onun dayaq hesab etdiyi qüvvələr əslində Ermənistandan alət kimi istifadə edərək bölgədə sülhə mane olmaq niyyəti güdürlər”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkilinin sözlərinə görə, Ermənistan cəmiyyətində sülhlə bağlı fərqli yanaşma var, amma böyük əksəriyyət sülhün tərəfdarıdır:
“Hətta sülh müqaviləsinin əleyhinə olanlar belə müharibə istəmir. Yalnız radikal revanşistlər vəziyyətin dəyişəcəyinə ümid edirlər, amma bu, mümkünsüzdür. Əslində bir qədər dərinə getsək, revanşistlər də reallığı dərk edir, sadəcə onu etiraf etmək istəmirlər. Burada təbii ki, lobbinin və kilsənin radikal təsirləri var. Fransanın destruktiv mövqeyi də heç şübhəsiz, onları revanşa həvəsləndirir. Yeni silahların alınması ilə hərbi balansı dəyişmək imitasiyası yaradılır. Yəni, Ermənistanın havadarları regionda öz əhəmiyyətlərini artırmaq üçün sülhdən çox müharibə ab-havası yaratmağa çalışırlar. Digər vasitəçilər isə öz dominantlıqlarını tətbiq etmək uğrunda mübarizə aparırlar.
Prezident İlham Əliyevin də söylədiyi kimi, tərəfləri bir araya gətirmək naminə həqiqətən də sanki yarışa giriblər. Amma təəssüf ki, burada sülh arxada planda qalır. Cənubi Qafqazda maraqları olan böyük güclərin bütün səyləri hazırkı vəziyyətin uzanmasına və ya situasiyanın öz maraqları naminə dəyişməsi istiqamətinə yönəlib”.
K. Nurullayeva bildirib ki, bu günlərdə bir-birinə hücum etməmək haqqında paktın imzalanmasına dair təkliflə çıxış edən Paşinyan əslində bununla sülh müqaviləsindən növbəti dəfə yayındığını göstərir:
“Paşinyan bildirib ki, sülh müqaviləsi uzansa, belə bir sənədin imzalanmasına zərurət ola bilər. Demək ki, Paşinyan sülh müqaviləsinin yenidən uzanmasında maraqlıdır və ya yekun sənədi imzalamaq üçün özündə iradə tapa bilmir. Görünür, o, 2024-cü ildə də öz havadarlarının diktəsi ilə sülhün yubanması üçün əlindən gələni edəcək. Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır. Amma Ermənistan hər yolla yeni “status-kvo” vəziyyəti yaratmağa çalışır. Ona görə də sülhlə bağlı itirilən hər il Ermənistan üçün itkidir. Bunun məsuliyyəti də İrəvanın üzərinə düşür”.
//Gülnarə Abasova, Editor.az

