Ermənistan ciddi şəkildə yeni müharibəyə hazırlaşır: “Bu prosesə isə Fransa-Almaniya cütlüyü rəhbərlik edir”- ŞƏRHbackend

Ermənistan ciddi şəkildə yeni müharibəyə hazırlaşır: “Bu prosesə isə Fransa-Almaniya cütlüyü rəhbərlik edir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Siyasi dairələr Azərbaycana qarşı ermənipərəst bir ittifaq qurublar. Bu ittifaq da Fransa, Almaniya cütlüyü tərəfindən idarə olunur. Avropa Birliyinin Ermənistandakı mülki müşahidə missiyası da fransız-alman cütlüyünün nəzarəti altındadır. Həmin missiyanın tərkibi də elə fransız və alman kəşfiyyatçılarından ibarətdir”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Avropa Birliyinin Ermənistandakı mülki müşahidə missiyası əslində nəzərdə tutulmuş funksiyalar üzrə fəaliyyət göstərmir:

“Artıq heç kimdə şübhə doğurmur ki, AB-nin mülki müşahidə missiyası əslində Avropa dövlətlərinin kəşfiyyat məlumatları toplamaq üçün formalaşdırdığı bir qrupdur. Bu qrup Ermənistan daxilində yerləşərək Azərbaycan da daxil olmaqla, bəzi ölkələr haqqında kəşfiyyat xarakterli məlumatlar toplayırlar. Çexiya Respublikasının vətəndaşının Azərbaycan ərazisinə qeyri-qanuni yollarla keçməsində də olduqca müəmmalı məqamlar mövcuddur. Birincisi, Çexiya vətəndaşı Azərbaycana keçərkən bir sıra erməni nəzarət postlarından keçib və eyni zamanda, onun keçdiyi ərazilərdə minalanmış zonalar mövcud olub. Bu şəxs  həm erməni postlarından, həm də minalanmış zonalardan çox rahatlıqla keçərək Azərbaycan ərazisinə sızmağa nail olub. Bu da onu göstərir ki, böyük ehtimalla, onu Ermənistan xüsusi xidmət orqanın təmsilçiləri Azərbaycan sərhədinə qədər müşayiət edib. Ona görə o, bu qədər rahatlıqla hərəkət edə bilib. Ancaq göründüyü kimi, Azərbaycan Xüsusi Xidmət Orqanı onu sərhəddə həbs edə bilib. İşin ən maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, Çexiyanın Ermənistandakı səfiri öz vətəndaşı ilə bağlı situasiyaya aydınlıq gətirmək əvəzinə, onun Azərbaycan ərazisinə qeyri-qanuni yollarla sızmasının Avropa Birliyi mülki müşahidə missiyası ilə heç bir əlaqəsi olmadığını söyləyib. Başqa suallardan yayınıb. Bunun özü də çox maraqlı məqamdır ki, Çexiya səfiri hansı səbəbdən öz ölkəsinin vətəndaşının avropalı müşahidəçilərlə heç bir əlaqəsi olmadığını xüsusi vurğulayır. Bunun özü şübhə yaradır ki, əslində Çexiya vətəndaşının avropalı kəşfiyyatçılarla müəyyən əlaqələri var və o, hansısa təlimatlarla hərəkət edib. Bunu da istintaq araşdırma qrupu mütləq şəkildə ortaya çıxaracaq”.

E. Xalidbəyli vurğulayıb ki, Avropa Birliyinin mülki müşahidə missiyası çox problemli qrupdur və bu təssisatın Azərbaycanla Ermənistan arasında müsbət əlaqələrin qurulmasında heç bir töhfəsi ola bilməz:

” Faktiki olaraq kəşfiyyat məlumatları toplamaqla məşğul olduqlarını artıq gizlədə bilmirlər. Bu tərkibdə də fransız və alman kəşfiyyatçıları daha da çoxluq təşkil edir. Xüsusilə fransız generalları Ermənistan ərazisinə tez-tez səfər edir və ordunun təmsilçilərinə müəyyən təlimlərin keçirilməsi barədə göstəriş verirlər. Bütün bunlar isə onu göstərir ki, Ermənistan ciddi şəkildə yeni müharibəyə hazırlaşır və bu prosesə Fransa-Almaniya cütlüyü rəhbərlik edir. Artıq heç kəsdə şübhə doğurmur ki, Fransa və Almaniya öz dəstəyi ilə Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik etməyə cəhd göstərir. Ermənistanın silahlandırılması, bəzi fransız generallarının Ermənistan hərbçilərini təlimatlandırması, Azərbaycanın sərhəddində kəşfiyyat xarakterli müşahidələrin aparılması, eyni zamanda, sonuncu hadisə olaraq Çexiya vətəndaşının qeyri-qanuni yollarla Azərbaycan sərhədindən keçməsi bunun əyani sübutudur.  Hətta Azərbaycan əleyhinə beynəlxalq səviyyədə piar qurmaqla hər bir şeydə onu günahlandırmağa çalışırlar. Rəsmi Bakı yaxın vaxtlarda bu hadisələrlə bağlı qarşı tərəfə və Qərbdəki ermənipərəst dairələrə ciddi şəkildə xəbərdarlıq mesajı verməli olacaq”.

//Gülnarə Abasova, Editor.az