“Vətən müharibəsindəki qələbəmiz yalnız Ermənistanda yox, ümumiyyətlə, bölgədə yeni siyasi konfiqurasiya formalaşdırıb”.
Bunu Editor.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov Ermənistan parlamentinin sədri Alen Simonyanın ölkə televiziyasına müsahibəsində “Biz çox yaxınıq və sülh müqaviləsi imzalamaq üçün tarixi imkanımız var. Bu yolların açılması bizim üçün prioritet məsələdir və Ermənistan avtomobil və hətta dəmir yolu təqdim etməyə açıqdır”-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan əldə etdiyi qələbədən sonra bölgəyə daimi, uzunmüddətli sülhün gəlməsinin tərəfdarıdır və bunun üçün bütün vacib addımları atmaqdadır:
“Qələbə çalmasına baxmayaraq ən çox sülhdən danışan, sülh üçün konkret məsələlər təqdim edən və əməli addımlar atan tərəf Azərbaycandır. Bir neçə platformalarda rəsmi Bakının təklif etdiyi sülh gündəliyi barədə görüşlər təşkil olunur. Keçirilən hər bir görüşdə prezident İlham Əliyevin simasında Azərbaycan diplomatiyası qalibiyyət qazanır. İldırım sürəti ilə keçirilən antiterror tədbirləri də bir çox məsələyə nöqtə qoymuş oldu. Belə ki Azərbaycanın suverenliyi bütün ərazilərdə öz təsdiqini tapdı. Ermənistan baş naziri Nikol Paşinyan da Qarabağdakı hadisələrin Azərbaycanın daxili işi olduğunu və rəsmi İrəvanın məsələyə qarışmayacağını qeyd etdi”.
Deputatın fikrincə, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün həll olunmayan bir neçə məsələ qalıb: “Buna sərhədlərin tanınması, delimitasiya, demarkasiya məsələləri və Zəngəzur dəhlizinin açılması daxildir. Azərbaycan mövqeyində qərarlıdır. Nikol Paşinyan və komandası sülh müqaviləsinin imzalanması üçün yaxşı fürsətin olduğunu bildirdi. Rəsmi Bakı da məsələyə pozitiv yanaşır. Oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan görüşdə bir çox məsələyə aydınlıq gətiriləcək. Əsas məqam isə tərəflər arasında sülh müqaviləsinin imzalanması tarixinin müəyyənləşdirilməsidir. Rəsmi Bakı hər dəfə sülhə sadiq olduğunu qeyd edir. Heç kimə lazım olamayan, küncə sıxılmış, öz yalanları ilə dünyanı aldadan Ermənistan bu təklifə pozitiv yanaşmalı və əməli addımlar atmalıdır”.
//Safura Bənnayeva, Editor.az