“Ermənistan faktiki olaraq dalan dövlətə çevrilib”-ŞƏRHbackend

“Ermənistan faktiki olaraq dalan dövlətə çevrilib”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülh müqaviləsinin imzalanması Ermənistanın hakimiyyət dairələrinin siyasi iradəsindən asılıdır”.

Bu sözləri Editor.az-a sülh müqaviləsi ilə bağlı danışarkən politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, proses havadarlarının Ermənistana icazə verib- verməməsindən və rəsmi İrəvanın başqalarının maraqlarından deyil, öz maraqlarından çıxış etməsindən asılıdır:

“Sülh müqaviləsi təbii olaraq vacibdir. Şərti dövlət sərhədinin müəyyənləşməsi, kommunikasiyaların bərpası, yeni marşrut imkanlarının əldə edilməsi və ən nəhayət nə hərb, nə sülh variantının aradan qaldırılması üçün sülh sazişi bizim üçün vacibdir. Amma Ermənistan üçün bizdən daha vacibdir. Çünki bizdən fərqli olaraq Ermənistan faktiki olaraq dalan dövlətə çevrilib. Sərhədi olduğu dörd ölkədən ikisi Azərbaycan və Türkiyə ilə sərhədlər tamamilə bağlıdır. Gürcüstan yolu əlverişli olmadığı üçün qış aylarında faktiki olaraq fəaliyyətsiz qalır, bir tək İranın ümidinə qalmaqla isə hər hansı inkişafdan və müstəqil iqtisadiyyata malik olmaqdan söhbət gedə bilməz.

Bu gün Azərbaycan və Ermənistan arasında danışıqlar hər nə qədər ikitərəfli formatda aparılsa da, Ermənistanın hələ də müstəqil dövlət ola bilməməsi səbəbilə konkret nəticələr ortaya qoyula bilmir. Çünki hər danışıqlardan sonra rəsmi İrəvan mütləq şəkildə kiməsə hesabat vermək məcburiyyətində qalır. Onlar isə Fransa, ABŞ və digərləri öz maraqları təmin olunmayana qədər sülh sazişinin imzalanmasını uzadırlar. Rusiya da eyni şəkildə yalnız öz maraqlarını düşünərək sülh sazişinin məhz onun vasitəçiliyi və şərtləri ilə imzalanmasını və hətta imzalanacaq sülh sazişinin də başqa yerdə deyil məhz Moskvada imzalanmasını istəyir.

Göründüyü kimi beynəlxalq oyunçuların hər birinin öz maraqları var və nəticədə sazişin imzalanması gecikir. Əgər kənar dövlətlərin müdaxilələri və İrəvana təzyiqləri olmasa sülh sazişinin, ən azından çərçivə sənədinin yaxın vaxtlarda imzalanacağı əsla istisna deyil. Odur ki, gözləntilər böyükdür”.

//Səbinə Hüseynli, Editor.az