“Ermənistan fiziki təhlükəsizliyini təmin etmək üçün axtarışa çıxıb”-ŞƏRHbackend

“Ermənistan fiziki təhlükəsizliyini təmin etmək üçün axtarışa çıxıb”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO-nun Brüsseldəki mənzil-qərargahında alyansın baş katibi Yens Stoltenberqlə görüşü suallar doğurur. Belə ki, Ermənistan son vaxtlarda Rusiya və KTMT-yə qarşı əks münasibətdədir. Regiondakı vəziyyətlə bağlı gah Rusiyanı günahkar görür, gah da KTMT-dən çıxmağa çalışır.

Bu hadisələrin fonunda NATO-da gizli görüş həyata keçirən Ermənistanın məqsədi nədir ?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Avropa missiyasının Ermənistana yerləşməsindən sonrakı mərhələdə rəsmi İrəvan bölgədə Rusiyanın təsirini azaltmaq istiqamətində yol xəritəsini müəyyən edəcək:

“Bu, 102-ci rus hərbi bazanın, Rusiyanın Federal Sərhəd xidmətinin bölgədən çıxarılmasının və təsirinin azaldılmasına yönəlmiş addım olacaq. Növbəti mərhələdə Avropa İttifaqı institutları  ilə məsləhətləşmələr, NATO-nun baş katibi ilə görüş Rusiyanın Ermənistan üzərində təsirinə qarşı atılmış addımdır. Onlar ehtiyat edir ki, Ermənistan rus ordularını bölgədən çıxartmaq istəsə, KTMT-dən çıxmağa cəhd etsə, NATO buna dəstək verməlidir. Bunu Rusiya qəbul etməyə bilər. Nəticə isə ciddi silahlı münaqişənin yaranması ilə sonlanar”.

Ekspertin fikrincə, NATO- ya daxil olan ölkələrin rəhbərləri ilə məsləhətləşmələr gələcəkdə Ermənistanın atacağı addımların mahiyyətini müəyyən edəcək:

“Ermənilərin NATO-ya daxil olmaq istəkləri ola bilər, amma, təşkilatın kriteriyaları elə də asan deyil. Gələcəkdə vəziyyətin kəskinləşməsi ilə Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün Aİ missiyasının gəlişi nəzərdə tutulub. Ermənistan fiziki təhlükəsizliyinin təmin edilməsi yönündə axtarışa çıxıb. Bunu da Şimali Atlantika Alyansına daxil olan ölkələrin rəhbərləri ilə Rusiyaya qarşı missiya təşkil edilməsi istiqamətində həyata keçirir. Bu da uzun bir prosesdir. Nəticəsini isə önümüzdəki aylarda görəcəyik”.
 
//Safura Bənnayeva, Editor.az