“Ermənistan hakimiyyəti azad şəkildə qərar vermək gücündə deyil”-Deputatdan AÇIQLAMAbackend

“Ermənistan hakimiyyəti azad şəkildə qərar vermək gücündə deyil”-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sərhədlərin delimitasiyası prosesi bir neçə il çəkə bilər. Bu səbəbdən Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsi əvəzinə çərçivə sazişi imzalamağı nəzərdən keçirir”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.Paşinyanın sözlərinə görə, sülh müqaviləsinin imzalanması zamanı sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başa çatması real görünmür. Erməni baş nazir qeyd edib ki, İrəvan Ermənistan-Azərbaycan sərhədinin hərbsizləşdirilməsinin, qoşunların qarşılıqlı çıxarılmasından başlamağın və sərhədin müəyyənləşdirilməsində 1990-cı ilin xəritələrinin əsas götürülməsinin tərəfdarıdır.

Erməni Naş naziri Nikol Paşinyanın bu açıqlaması nədən xəbər verir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Kəmilə Əliyeva bildirdi ki, məlum olduğu kimi Ermənistan beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə baxmayaraq 30 il Azərbaycan torpaqlarını işğalda saxladı:

“ Ölkəmiz bu qərarların icrasını özü yerinə yetirdi, beynəlxalq hüququn norma və prinsipini bərpa edib, torpaqlarını azad etdi. Müharibədə qalib gəlmiş Azərbaycan bölgədə daima sülhün, əmin-amanlığın bərqərar olunması ilə bağlı Ermənistana sülh sazişinin imzalanması üçün təklif irəli sürüb. Bununla əlaqədar Prezident İlham Əliyev beynəlxalq hüquqa əsaslanan 5 bənddən ibarət baza prinsipini təklif edib. Həmin prinsiplərə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, dövlətlərarası  münasibətlərdə bir-birinin təhlükəsizliyinə təhdid yaratmamaq, BMT nizamnaməsinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədlərinin delimitasiyası və diplomatik münasibətlərin qurulması, dövlətlərin ərazi iddialarının olmaması, nəqliyyat-kommunikasiyaların açılması, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın təşkil olunması və digər bu kimi məsələlər daxildir. Azərbaycan dövlətinin bu prinsiplər əsasında Ermənistan ilə sülh müqaviləsi imzalamağa hazır olduğuna dair ən yüksək səviyyədə edilən bəyanatlarına baxmayaraq, Ermənistan tərəfindən hər zaman təzadlı fikirlər səslənməkdədir. Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə baş tutan üçtərəfli görüşdə, eləcə də Praqada baş tutan dördtərəfli görüşdə Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın 5 prinsipini qəbul etdiyini bildirmişdi.  Sərhədlərin delimitasiya və demakrasiyası istiqamətində Azərbaycan və Ermənistan dövlətləri tərəfindən komissiya yaradılması barədə razılığa da gəlinmişdi”.

Deputatın sözlərinə görə, baş nazir Nikol Paşinyan  hər dəfə təzadlı fikirlər söyləyir:

“Bu da onu göstərir ki, Ermənistan hakimiyyəti müstəqil qərar  vermək iqtidarında deyil. Hər kəsə məlumdur ki, Ermənistan rəhbərliyi xaricdəki erməni lobbisinin və regionda sülhün bərqərar olmasını istəməyən dövlətlərin sözləri ilə hərəkət edir. Bütün olanlara baxmayaraq Azərbaycan tərəfi öz qəti mövqeyini həmişə bildirib. Bu Ermənistana verilən son şansdır. Əgər 10 noyabr 2020-ci il bəyannaməsinin eləcə də digər görüşlərdə qəbul edilən bəyanatlarda  üzərilərinə düşən öhdəliklər yerinə yetirilməsə Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına uyğun addım atacaq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Biz ədalətli sülhün tərəfdarıyıq. Ancaq səbrimizin də hüdudu var”.
 
//Safura Bənnayeva, Editor.az