Ermənistan hansı haqla Azərbaycana “barter” təklif edir?-Elçin Mirzəbəyli ŞƏRH EDİRbackend

Ermənistan hansı haqla Azərbaycana “barter” təklif edir?-Elçin Mirzəbəyli ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həm Başkənd, həm də Kərki kəndi strateji baxımdan Azərbaycan üçün əhəmiyyətlidir. İndiki şəraitdə Kərki strateji yolun üzərində yerləşdiyi üçün Ermənistanda daha böyük önəm kəsb edir”.

Bu fikri Editor.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun sərhəd qoşunlarının şərti sərhədlərdə yerləşdiyi ərazilər bütövlükdə strateji ərazilərdir:

“Bu da tamamilə Ermənistan ərazisini Azərbaycanın nəzarəti altında saxlanmasına imkan verir. İstər Ermənistan baş naziri Nikol Paşinyan, istərsə də digər erməni siyasətçiləri Sovet xəritələrinə əsasən Ermənistana aid olmuş Gədəbəy rayonundakı Başkəndi Naxçıvanın Kərki kəndi ilə dəyişdirilməsi ilə bağlı müxtəlif mülahizələr səsləndirirlər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan Konstitusiyasında ərazi mübadiləsinə yalnız referendumla yol verilir. Bu, kifayət qədər mürəkkəb bir prosesdir “.

Politoloq vurğulayıb ki, masa arxasında oturaraq “hər hansı ərazini digəri ilə əvəz etmək” deyə bir anlayış yoxdur:

“Bu, sadəcə erməni nağıllarında mümkündür. Ermənistan tarixində hadisələr adətən belə cərəyan edir. Onlar bir məqamı başa düşmək istəmirlər ki, 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxlayıb, ölkə ərazisini viran qoyublar. Yüz minlərlə azərbaycanlını öz torpaqlarından didərgin salıb, ölkə iqtisadiyyatına on milyardlarla dollar ziyan dəyib, əhaliyə qarşı etnik təmizləmə soyqırım həyata keçiriblər. Nəhayət 44 günlük Vətən müharibəsində Ermənistan məğlub olub. Məğlubiyyətini də kapitulyasiya aktında ifadə edib. Bəşər tarixində məğlub tərəfin, qalib və haqlı tərəfə hansısa şərtlər irəli sürməsi kimi anlayış yoxdur. Əgər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesi Ordumuzun müzəffər yürüşü ilə baş verməsə idi və sadəcə diplomatik danışıqlarla həllini tapsa idi, o zaman bəlkə də bu məsələlərin hansısa müstəvidə qarşılıqlı anlaşma şəraitində həyata keçiriləcəyi mümkün idi. Lakin indiki şəraitdə Ermənistan öhdəliklərini yerinə yetirməlidir”.

//Safura Bənnayeva, Editor.az