Ermənistan hansı “möcüzəyə” ümid edir?-ŞƏRHbackend

Ermənistan hansı “möcüzəyə” ümid edir?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son iki ildə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı reallığı yarananda Ermənistan rəhbərliyi bir bəhanə, provakasiya sülhdən yayınır. Nəinki Ermənistan hakimiyyəti, müxalifəti də, erməni cəmiyyətinə hansısa möcüzənin baş verəcəyini və bununla da kapituliyasiya aktından qaça biləcəklərini təlqin edirlər”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Siyasi analitik bildirib ki, Ermənistan hakimiyyəti və müxalifəti nəinki erməni cəmiyyətini sülhə hazırlamırlar, tam əksinə, ictimai rəydə çaşqınlıq yaradırlar:

” Bu da Ermənistanı dibsiz quyuya atmaq deməkdir. Konkret olaraq Nikol Paşinyanın sülh danışıqlarının aparıldığı beynəlxalq güc mərkəzlərinə, Moskva, Brüssel və Vaşinqtona etdiyi səfərlərdə, bir-birini təkzib edən tezislər söyləməsi Ermənistanda hələ ki, ağlı başında olan azsaylı siyasətçilər tərəfindən belə hiddət və təəssüflə qarşılanır. Bir müddət əvvəl Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan N.Paşinyana, sülh danışıqları üçün getdiyi ölkələrin liderlərinə biri birini təkzib edən vədlər verməməsini, bunun ölkəni fəlakətə aparacağını demişdi. L.T.Petrosyan Paşinyana “səni nəzakətlə qarşılayacaqlar, dinləyəcəklər, hətta tərifləyəcəklər də, amma arxanca başlarını bulayıb güləcəklər” deyə tövsiyyə də etmişdir. Amma görünən odur ki,erməni ictimai rəyində ağıllı fikirlərə məhəl qoyan yoxdur. Bəs Ermənistan hansı “möcüzəyə” ümid edir? Məlumdur ki, 44 günlük savaş Cənubi Qafqazda balansı sürətlə Azərbaycanın lehinə dəyişdi və qlobal anlamda ölkəmizin hərbi, siyasi-iqtisadi gücünü ortaya qoydu.Bu reallığı qəbul etməkdə tərəddüd edən Fransa, Rusiya, İran kimi ölkələr, Cənubi Qafqazda təsir dairələrini saxlamağa çalışırlar ki, bunu da məhz Ermənistan üzərindən həyata keçirməyə çalışdıqları görünür. Amma bu ölkələrin Cənubi Qafqazda Ermənistan üzərindən yeni qaydalar, yeni düzən quracağı ehtimalı yoxdur. Çünki Fransa regiondan coğrafi olaraq çox uzaqdır, başı keçmiş və hazırki müstəmləkə ölkələri ilə ciddi dərddədir. Fransanın hətta Ermənistanı xilas etmək niyyətində olsa belə bunu Türkiyə və Azərbaycan vasitəsilə etməkdən başqa yolu yoxdur. Rusiya Ukraynada tarixinin acı və ağır günlərini yaşayır,sabah başına nə gələcəyini bilmir, eyni zamanda, Qərbin ağır sanksiyaları altında əzilməkdədir. Qaldı ki İrana, orada aylarladır davam edən xalq etirazları, çökmüş iqtisadiyyat və gözdən düşmüş dini-ideoloji sistem öz hayındadır. Əslində bunlar olmasaydı belə, İranın Ermənistanın ictimai-siyasi, iqtisadi həyatına İranın verə biləcəyi heç bir dəyər yoxdur. Olsaydı bunu son 30 ildə edərdilər. Beləliklə, Ermənistan və erməni cəmiyyəti boş xəyallarla yaşamaqdan, heç vaxt olmayacaq möcüzələrdən imtina etməli, Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında sülh müqaviləsini imzalamalıdırlar”.

//Gülnarə Abasova, Editor.az