Azərbaycanın iradəsi ilə Minsk Qrupunun haqlı olaraq, proseslərdən uzaqlaşdırılmasından sonra üçüncü dövlətlərin öz alətlərini bizim bölgədə yerləşdirmə cəhdləri açıq-aşkar ortadadır. Amerika, Fransa və Rusiya müxtəlif mexanizmlərlə regionda öz varlığlarını nümayiş etdirməyə və proseslərə müdaxilə etməyə çalışırlar.
Azərbaycan Ermənistandan fərqli olaraq haqlılığından doğan güc və iradə ilə bütün prosesləri şəffaf idarə edir və ortaya ciddi siyasi iradə qoyur. Ölkəmizin siyasətində “örütülü bazar” elementlərinə rast gəlmək mümkün deyil. Azərbaycan dəfələrlə bəyan edib ki, biz bundan sonra da ərazi bütövlüyümüzü danışıqlar predmentinə çevirməyəcəyik. Bu, bizim milli maraqlarımıza uyğun deyil. Demək olar ki, bütün dünya birliyi bu yanaşma ilə razılaşıb və qəbul edib.
Lakin bütün bunlara baxmayaraq, bölgədə Rusiya, ABŞ və Fransanın maraqları mütəmadi olaraq toqquşur. Onlar müxtəlif alətlər və planlarla Azərbaycanın milli maraqlara xidmət edən siyasətinə təsir göstərməyə, onu öz istədikləri kimi dizayn etməyə çalışırlar.
Amerika və Fransanın enerji siyasəti fonunda Rusiya sülhməramlılarının ərazidə yerləşdirilməsi faktı ciddi rəqabətə yol açır. Rusiya bu ciddi məqamdan istifadə edərək buradakı moderatorluğun Rusiyaya aid olduğunu və onun digər dövlətlərin dominantlığını qəbul etməyəcəyini göstərir.
Politoloq Tofiq Abbasov deyir ki, uzun illərdir ki, Minsk Qrupu çərçivəsində bir sıra oyunlar müşahidə edilir. Politoloqun sözlərinə görə, Rusiyaya qarşı ABŞ və Fransa bəzən birləşir, bəzən də yerdəyişmələr olurdu: “Bu da onu göstərir ki, hər iki ölkə problemin tam həllində maraqlı deyil. Sadəcə müəyyən hadisələrin fonunda öz məsələlərini müzakirəyə çıxartmaq istəyirlər. İndi də bu ənənə yenidən gündəmə gəlir. Amerika bildirir ki, Ermənistan Qarabağın Azərbaycan ərazisi olması ilə barışmalıdır.
Rusiya isə burada əks mövqeni göstərir, Ermənistanın hansı variantı irəli sürsə onu dəstəkləyəcəyini qeyd edir. Rusiya sülhməramlılarının ərazidə yerləşdirilməsi bir çox halda gərək özünü doğrultsun. 2020-ci ilin payız hərbi kampaniyasından sonra Rusiyanın aparıcı televizya kanallarında, mətbuat orqanlarında yüksək sevinc hissi ilə bildirilirdi ki, bir neçə erməni ailəsi Qarabağa qayıdıb. Rus sülhməramlıları onlara humanitar yardım göstərir və bölgədə mövcudluğunu gözəçarpacaq dərəcəyə çatdırmaq istəyir.
Digər tərəfdən də göstərir ki, münasibətlərdə toqquşmaların olmaması üçün Rusiyanın dəstəyinə ehtiyac var”.
Ancaq reallıq ondan ibarətdir ki, Rusiya sülhməramlıları bir çox hallarda erməni özbaşınalıqlarına göz yummağa davam edir. Azərbaycan isə buna cavab olaraq mütəmadi olaraq “Dəmir Yumruğu” işə salır, Ermənistana və himayədarlarına zarafat etmədiyimizi göstərir.
Politoloq T. Abbasov bildirir ki, Hindistanın Ermənistana silah verməsi məsələsində Fransa çox fəal rol oynayır. Çünki Avropada strateji silahların satışının məhdudlaşdırılması ilə bağlı konvensiyalar var: “Hansı ki, həmin sənədlərə Ermənistan da qol çəkib. Birincisi, onlar Ermənistana silah verə bilməz, digər tərəfdən Ermənistan KTMT-nin üzvü olduğu üçün silah ala bilmir. Buna görə də üçüncü tərəf kimi prosesə Hindistanı daxil ediblər. Onun vasitəsi ilə Ermənistanı silahlandırmağa çalışırlar. Bu da ondan xəbər verir ki, Ermənistan revanşa hazırlaşır. Ermənistan baş qərargah rəisinin müavini bildirib ki, biz Azərbaycan tərəfindən təhdidlərini görür və hücumu gözləyirik. Bu dəfə də toqquşmalar baş verərsə, guya Ermənistan tərəfi Azərbaycanın cavabını verəcək”
Proseslərdə iştirak edən üç tərəfin də özünəməxsus rolu oıduğunu bildirən politoloq vurğulayıb ki, prosesdə ən sağlam yanaşma Amerikanındır.O, bildirib ki, Qarabağ məsələsinin Ermənistana aidiyyatı yoxdur”.
Fransa prezidenti Emmanuel Makroun proseslərdəki rolu isə boş təhdiddən başqa bir şey deyil. Fransda təxribat xarakterli siyasəti ilə mütəmadi olaraq prosesi sabotaj etməyə çalışır.
Politoloq qeyd edir ki, Rusiya Ermənistanın Qərb ölkələri ilə deyil, Rusiya ilə tərəfdaşlıq etməsinin marağındadır: “Rusiya göstərir ki, Ermənistan daxilində rusafobiya baş alıb getsə də ölkənin sabitliyi elə Rusiyadan asılıdır. Bu, özünəməxsus siyasi manevradır.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevin xasiyyətinə bələddir. Yaxşı bilir ki, ona öz istəyini zorla sırıya bilməyəcək.
Bu gün baş tutan Soçi görüşü bir çox məqama işıq salacaq. Azərbaycanın qətiyyəti son dərəcə həlledici rol oynayır. Rusiya da bundan özü üçün nəticə çıxartmalıdır. Rusiya Ermənistanı itirmək istəmir. Amma bununla bağlı heç vaxt Qarabağın mənsubiyətini şüphə altına qoya bilməz. Putin bildirmişdi ki, KTMT o proseslərdə iştirak etmir. Çünki Azərbaycan əməliyyatları öz ərazilərində aparır. Azərbaycanın üstün cəhəti ondan ibarətdir ki, biz mövqelərimizi, baxışlarımızı dəyişmirik. Soçi görüşündə də Azərbaycan qətiyyətli mövqeyini nümayiş etdirəcək. Ermənistan gərək özünə bir çarə qılsın. Onun zəlil vəziyyətindən çıxması üçün tək yol Azərbaycan və Türkiyə ilə danışqlar aparması, yekun sülh sazişini imzalamasıdır”.
//Safura Bənnayeva, Editor.az

