“Ermənistan hələ ki, bu tələbimizi icra etmək istəmir və ona görə danışıqlar prosesi dayanıb”- Millət vəkilibackend

“Ermənistan hələ ki, bu tələbimizi icra etmək istəmir və ona görə danışıqlar prosesi dayanıb”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan özünün suveren ərazilərinin bir qarışını belə Ermənistana güzəştə getmək niyyətində deyil. Ona görə də sərhədlərin delimitasiyasına Qazax rayonundan başlandı və Ermənistanı ərazilərimizə bitişik 4 kəndimizin qaytarılmasına məcbur etdik. Bu 4 kəndin qaytarılması prosesi zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması barədə aparılan danışıqlar müsbət ruhda davam edirdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, iki ölkə arasında  danışıqlar prosesi bir müddət sonra dalana dirənib və bu gün sülh müqaviləsinin imzalanması ilə bağlı məsələ geniş müzakirə olunmur:

“Çünki sülh müqaviləsinin imzalanması üçün razılıq əldə olunub. Həllini gözləyən  əsas məsələ isə  Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarından rəsmən imtina edilməsi ilə bağlıdır. Ermənistan hələ ki, bu tələbimizi icra etmək istəmir və ona görə danışıqlar prosesi getmir. Hesab edirəm ki, bu da müvəqqəti haldır. Ermənistan gec -tez bu tələbimizi də icra edəcək və iki ölkə arasında sülh müqaviləsi imzalanacaq.

Çünki Cənubi Qafqaz da artıq müharibələrdən yorulub və sülh istəyir. Azərbaycanla Ermənistan arasında həll olunmamış qalan digər bir məsələ isə anklav 4 kəndimizin Ermənistan işğalı altında qalmasıdır. Azərbaycan bu kəndləri də geri qaytaracaq. Amma bu kəndlər anklav olduğundan geri qaytarılandan sonra həmin kəndlərə gediş-gəlişin necə təşkil olunacağı da müzakirə olunmalıdır. Bu məsələnin kökündən həll olunmasının ən düzgün yolu sərhədlərin  delimitasiyası prosesində ərazilərin dəyişdirilməsidir. Belə ki, Qazaxın 3 və Naxçıvanın Kərki kəndlərinin ərazisi həcmində Ermənistanın Azərbaycana bitişik digər ərazilərindən torpaqlar ölkəmizə qaytarıla bilər. Və yaxud da həmin ərazi eyni  həcmdə Zəngəzurdan Naxçıvana açılacaq dəhlizlə əvəz oluna bilər. Təbii ki, bütün məsələlərin həllinin ən düzgün yolunu Dövlət Başçımız bilir. Məhz dövlət başçımızın rəhbərliyi altında digər 4 kəndimizi də geri qaytaracağıq. Çox istərdik ki, bu məsələ sülh yolu ilə həll olunsun. Amma lazım gələrsə, hərb yolu ilə də 4 kəndimizi azad  etməyə hər zaman  hazır olmalıyıq”.

//Gülnarə Abasova, Editor.az