“Ermənistan baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin imzalanması ilə bağlı ziddiyyətli bəyanatları davam edir. Bu mövcud Ermənistan hakimiyyətinin siyasi iradə nümayiş etdirə bilməməsinin, regionda yaranmış yeni geopolitik reallıqları dərk edə bilməməsinin əyani sübutudur. 2020-ci il 10 noyabr kapitulyasiya aktını imzaladıqdan sonra hər vəchlə sülh müqaviləsinin imzalanmasını uzatmağa və guya vaxt qazanmağa çalışan Ermənistan həmişə olduğu kimi yenə də yanılır”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloqun sözlərinə görə, son 30, xüsusilə də son üç il göstərdi ki, regionda siyasi, iqtisadi və hərbi balans dəyişir:
“Amma bu, Ermənistanın deyil, Azərbaycanın xeyrinə baş tutur. Bu dəyişiklik bundan sonra da daha böyük fərqlə dəyişməyə davam edəcək. Cənubi Qafqazda maraqlı ölkələrin təsir zonaları yaratmaq naminə bir-biri ilə savaşacaqları, Ermənistanın da bundan yararlanacağı xülyaları da boşa çıxdı. Azərbaycan prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi balanslı, cəsur və zərgər dəqiqliyi hesablanmış siyasəti bir çoxlarının, o cümlədən erməni siyasətçilərin də arzusunu gözlərində qoydu. Azərbaycan- Rusiya, Rusiya-Türkiyə, eləcə də İran-Azərbaycan, Türkiyə-İran münasibətlərində gərginlik gözləyənlər və gərginliklərdən faydalanmaq istəyənlərin planları boşa çıxdı”.
F. Məhərrəmli bildirib ki, Ölkəmiz hər platformada haqlı olduğunu, Qarabağın Azərbaycan olduğunu sübut edib:
“Hər keçən gün, Xankəndi üzərində suveren hüquqlarımızın tam bərpa olunmasına bizi daha da yaxınlaşdırır. Eyni zamanda,Zəngəzur koridorunun açılması reallaşdıqca Ermənistan rəhbərliyinin çaşqınlığı açıq-aydın görünməkdədir.
İkinci kapituliyasiya aktından yayınmaq, bir az vaxt udmaq cəhdləri isə əbəsdir.Çünki Azərbaycan prezidenti hələ xeyli əvvəl bu cür oyunlara müsaidə etməyəcəyini, sülh müqaviləsi imzalanmayacağı təqdirdə bunun nəticələrinə görə Ermənistan tərəfinin məsuliyyət daşıyacağını dəfələrlə bəyan edib. N.Paşinyanın son çıxışında Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün yaxşı mühit formalaşdığını bildirməsi, arxasınca isə sülh müqaviləsi imzalandıqdan sonra, guya Azərbaycanın Ermənistana ərazi iddiaları irəli sürəcəyi ilə bağlı sərsəmləmələri Ermənistan üçün yolun sonunun göründüyü mənasına gəlir. Yəni, anklavların qaytarılması, koridorun açılması, eləcə də vaxtilə Ermənistandan qovulmuş Qərbi Azərbaycanlıların öz doğma yurdlarına qayıtması imzalanacaq sülh müqaviləsində öz əksini tapacaq ki, bu da Ermənistan üçün ikinci kapituliyasiya aktı demək olacaq”.
//Gülnarə Abasova, Editor.az

