“Cənubi Qafqazdan keçən layihələrdə Ermənistan hər zaman tutduğu mövqeyə görə oyundan kənar vəziyyətdə qalır. Bununla da iqtisadiyyatı ciddi zərər görür. Çünki alternativlər hər zaman var. Zəngəzur dəhlizinə alternativ İran ərazisinin göstərilməsi həm Ermənistanda, həm də dünyada bu layihənin həyata keçməsinə mane olan, problem yaratmaq istəyənlərə başqa variantların da hər zaman olduğunu sübut edir”.
Bu sözləri Editor.az-a açıqlamasında Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.
Siyasi analitik bildirib ki, Zəngəzur dəhlizinin İran ərazisindən keçməsi Ermənistanın layihədə iştirakını çətinləşəcək:
“Bu isə o deməkdir ki, Ermənistanın perspektivdə bu kommunikasiya xəttindən istifadə etməsində problem yaranacaq. Çünki koridorun açılması ilə bağlı tərəflər arasında imzalanacaq müqavilədə heç şübhəsiz, region ölkələrin ondan istifadə mexanizmi də öz əksini tapacaq. Rusiya ilə indiki gərgin münasibətlər fonunda Ermənistanın bu layihəyə laqeyd yanaşması, yaxud imtina etməsi onun Avropa ilə əlaqələrinə də təsir edəcək. Çünki Ermənistan Zəngəzur dəhlizi vasitəsilə Avropaya çox asanlıqla çıxa bilər. Ona görə Zəngəzur dəhlizi Ermənistan üçün birbaşa xilas yoludur. İran tərəfi isə bu koridorun Ermənistan tərəfindən keçməsindən ehtiyat edir. Tehran hesab edir ki, bu, Qərbin layihəsidir. Əsas məsələ regiona Qərbin gəlməsidir ki, bu da İranı narahat edir. Koridorun İran ərazisindən keçməsi məsələsi isə elə də real görünmür. Çünki son dövrlərdə İranda böyük iqtisadi həcmi layihələr reallaşmır. Bunun da səbəbi ölkə hakimiyyətinin tutduğu mövqe, ölkəyə tətbiq edilən sanksiyalardır. Bu sanksiyalar İranı beynəlxalq əhəmiyyətli layihələrdən kənarda qoyur”.
//Gülnarə Abasova, Editor.az