“Ermənistan və Azərbaycan arasında sülh danışıqları istiqamətində atılan addımlar İrəvanın qeyri-konstruktiv mövqeyinə görə dayanıb. Ermənistanın “Zəngəzur” dəhlizinin açılışına icazə verməməsi, Minsk qrupu həmsədrlərinin prosesə cəlb edib “status” məsələlərini danışıqlar prosesinə qaytarmaq cəhdləri gərginliyə gətirib çıxarır”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan 10 noyabr Birgə Bəyannamənin 4-cü və 6-cı bəndlərinə zidd olaraq “Laçın dəhlizindən” hərbiçilərini Qarabağa gətirir:
“Belə olan təqdirdə Azərbaycan Qarabağda qabaqlayıcı tədbirlər görməsi üçün silahli erməni birləşmələrinin çıxarılması prosesini həyata keçirməlidir. Ermənistan tərəfi sülh danışıqlarına başlamarsa, öz hərbiçilərini Qarabağa gətirməsini davam etdirərsə, Laçın dəhlizində Azərbaycan post qoymalıdır. Həmçinin dəhlizi Ermənistan rəsmilərinə və hərbiçilərinə qapatmalıdır. Rusiyanın sülhməramlı adlanan hərbiçilərinin fəaliyyətinə gəldikdə isə, konkret olaraq separatizmi dəstəkləməklə legitimliyini şübhə altına alıb”.
//Gülnarə Abasova, Editor.az

