Ermənistan hiyləgərlik nümayiş etdirir: “Bir-birini təkzib edən açıqlamalar…”-ŞƏRHbackend

Ermənistan hiyləgərlik nümayiş etdirir: “Bir-birini təkzib edən açıqlamalar…”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi üçün iki əsas həll olunası məsələ var. Birincisi, sülh sazişinin imzalanması, ikincisi isə hansı xəritələrin üzərindən demarkasiya və delimitasiyanın baş tutmasının müəyyənləşdirilməsidir”.

Bu fikirləri Editor.az-a hərbi ekspert Elxan Şıxəliyev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın “Ermənistanla Azərbaycan arasında demarkasiya ilə bağlı konkret xəritə üzrə yekun razılaşma yoxdur” və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 1975-ci il xəritəsi üzrə demarkasiyası ilə bağlı müəyyən irəliləyişin olması barədə səsləndirilən iki bir-birini təkzib edən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Brüssel görüşündə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması barədə fikirlər səsləndirilib:

“Ermənistanın 28.9 min kvadratkilometr, Azərbaycanın da 86.6 min kvadratkilometr ərazisini tərəflər tanıdı. Ardınca isə bu rəqəmləri təsdiqləyən xəritə müəyyən edilməlidir. Rəsmi İrəvan düşünür ki, onların 28.9 min kvadratkilometr ərazisinin təmin edilməsi  1975-ci ilin xəritəsi ilə mümkündür. Bunu təklif edirlər. Lakin bu o demək deyil ki, Azərbaycan həmin fikri qəbul edəcək. Əsas məsələ rəsmi Bakının İrəvana hansı təklifləri irəli sürəcəyidir”.

Ekspert xatırladır ki, Ermənistan tərəfindən işğal altında qalan Qazaxın 7 kəndi və Kərkinin geri qaytarılması prosesi həyata keçirilməlidir:

“Rəsmi İrəvan  bu xəritələr üzərindən hiyləgərlik nümayiş etdirir. Hər hansı xəritəyə arxalanaraq məsələni öz xeyirlərinə çevirəcəklərini düşünürlər. Vahid bir fikrə gəlmədikləri üçün bir-birilərini təkzib edirlər “.

E.Şıxəliyevin fikrincə, sərhədlərin delimitasiyası prosesinin tez bir zamanda həyata keçirilməsi çətindir: “Elə ölkələr var ki, qonşuluğunda olan dövlətlərlə sərhədləri delimitasiya olunmayıb.  Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası da asan məsələ deyil. Digər tərəfdən səsləndirilən rəqəmləri təsdiq edən xəritə olmaya və yeni yanaşmaya ehtiyac yarana bilər”.

//Safura Bənnayeva, Editor.az