Cənubi Qafqaz regionunda son aylarda müşahidə olunan proseslər bölgənin geosiyasi çəkisinin artdığını və beynəlxalq güclərin maraq dairəsində qalmağa davam etdiyini göstərir. Xüsusilə Rusiya, Qərb və regional oyunçuların paralel maraqları fonunda regiondakı dövlətlər üçün balanslı siyasət yürütmək getdikcə çətinləşir. Ekspertlərə görə, bu vəziyyət yalnız siyasi və iqtisadi deyil, həm də ideoloji səviyyədə parçalanma risklərini gücləndirir.
ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Cənubi Qafqazın strateji mövqeyi onun böyük güclər üçün daim maraqlı olmasına səbəb olub:
“Region xalqlarının tarixi, coğrafiyası və düşüncə tərzi elə formalaşıb ki, demokratik dəyərlərin qavranması fərqlidir. Bu isə kənar qüvvələr üçün bölgədə gərginlik yaratmaq baxımından bəhanə rolunu oynayır. Qarşı duran tərəflərin öz xalqları üçün yaxşı gələcək anlayışları müxtəlifdir. Kimi Qərbə inteqrasiyada xilas görür, kimi isə bunu təhlükə hesab edir və regional əməkdaşlığı üstün tutur. Amma bir həqiqət dəyişmir: xalqın öz istəyi və iradəsi olmadan heç bir xarici güc ona təsir edə bilməz”.
Azər Qasımov hesab edir ki, Ermənistan və Gürcüstanda müşahidə olunan daxili siyasi qarşıdurmalar da bu fikir ayrılıqlarından qaynaqlanır:
“Ermənistan və Gürcüstan xalqlarının öz gələcəkləri uğrunda bu dərəcədə zidd mövqelər tutması aralarındakı uçurumun dərin olduğunu göstərir. Gürcüstan daha çətin vəziyyətdədir — torpaqları işğal altındadır və kənar təsirlərə açıqdır. Ermənistan isə artıq işğalçı imicindən qurtulub, təbii ki, Azərbaycanın gücü sayəsində. Regionda sülh prosesinə Azərbaycan və Ermənistanın birbaşa təsir imkanları məhduddur, lakin Azərbaycanın dövlət mövqeyi sabitdir və onun siyasi partnyorlarının zəifləməsi mümkün deyil. Azərbaycan isə hər zaman qonşu xalqların seçimlərinə hörmətlə yanaşıb, onların maraqlarına təhdid olmadığı müddətdə”.
//Gülnarə Abasova, Editor.az

