“Regionda bütün proseslərin gələcəyi və müqəddəratı ancaq iştirakçı qüvvələrin əli ilə öz həllini tapmalıdır. Azərbaycan dövlətinin də istəyi bundan ibarətdir ki, regiona kənar qüvvələr daxil olmasın. Belə ki, kənar qüvvələrin başlıca məqsədi öz maraqlarını regionda təmin etməkdir. Belə olduqda onların platformasını yalnız Ermənistan kimi naxələf, qeyri-səmimi dövlətlər təşkil edə bilər”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq bildirib ki, Ermənistanın SSRİ-nin süqutundan sonrakı davranışları yalnız bölgədə sülhün pozulmasına hesablanıb:
“Ermənistanın vasitəsilə dünyanın terrorçu ölkələri Cənubi Qafqaza ona görə gəlməyə cəhd edir ki, Azərbaycana müharibə elan edərək torpaqlarımızı işğal etsin. Ancaq Azərbaycan da həmin qüvvələrə qarşı gücünü layiqincə göstərdi”.
T. Abbasovun sözlərinə görə, ABŞ Fransa vasitəsilə regionda Rusiyanı sıxışdırmağa çalışır:
“Belə ki, Qərblə Şərq arasında qarşıdurma nəinki səngimir, əksinə güclənir. İstər Ukrayna, istər Cənubi Qafqaz, istərsə də Çin istiqamətində Qərb bütün imkanlarını səfərbər edir ki, Şərqə doğru yürüşünü təmin etsin. Digər tərəfdən onun yolunun üstündə duran bütün məmləkətlərin, siyasi elitaları özünə tabe etməyə çalışır. Bu, birbaşa işğal siyasətidir. Təsadüfi deyil ki, Azərbaycan hazırda Qoşulmama Hərəkatı səviyyəsində yeni müstəmləkəçilik siyasətinə birmənalı şəkildə yox deyir. Odur ki, indi əsas məsələ regionun əsas iştirakçı qüvvələri Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan bir məramda olmalıdır. Ermənistan da indi razılaşmasa belə çox keçmədən bu platformaya qoşulacaq. Başqa variant yoxdur. Əks təqdirdə rəsmi İrəvan sona qədər öz təxribatçı funksiyasını yerinə yetirəcəksə, Qərb qüvvələrinə zəmanət verib maraqlarını təmin etməyə cəhdlər göstərərsə, o zaman oyundan kənar vəziyyətdə qalacaq. Çünki heç bir qonşu dövlət onun nazı ilə oynamayacaq. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “3+3″ formatına geosiyasi çəkisindən aslı olmayaraq bir çox qonşu dövlətlər artıq hə deyir. Bu format Azərbaycanı kənar təsirlərdən qorumaq üçün ən doğru yoldur”.
//Gülnarə Abasova, Editor.az

