18 yanvarda Münhendə keçirilən tədbirin təşkilatçıları Cənubi Qafqaz ölkələrinin hər üç liderinin iştirakını təmin etmiş , açıq şəkildə fikir ortaya qoymalarına şərait yaratmışlar. Burada əsas maraq region ölkələrini vahid formatda görməkdir. Bu isə həm Bakının, həm də Tiflisin maraqlarına uyğundur. Hətta yanvarda Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan və Gürcüstan liderləri Cənubi Qafqazda üçtərəfli dialoq formatı yaratmaq istəklərini təsdiqləyib. Lakin Ermənistan tərəfi prosesə münasibət bildirmədən yayınmağa çalışır.
Ermənistanın narahatlığı nədən qaynaqlanır?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən siyasi analitik Kənan Novruzov bildirib ki, Nikol Paşinyan yaxşı başa düşür ki, indi çətin vəziyyətdədir:

“ Onun bütün addımlarının arxasında vaxtı uzatmaq istəyi dayanır. Şübhəsiz ki, əgər hər şey Ermənistan baş naziri Nikol Paşinyanın özündən asılı olsaydı, bu gün Azərbaycanla sülh sazişi də bağlayardı, Gürcüstanın iştirakı ilə üçtərəfli formatda da iştirak edərdi. Amma o bu cür loyal addımlar atarsa, daxildə hakimiyyətinə qarşı ciddi təhlükələr yarana bilər. Zaman-zaman görmüşük ki, Ermənistan baş naziri ölkəmizlə bağlı loyal fikirlər səsləndirib, nəticədə isə daxildə çaxnaşma yaranıb. Ona görə də rəsmi İrəvan Gürcüstanın iştirakı ilə üç tərəfli formatda görüşə razı olduğunu bildirərsə, bu Paşinyanın hakimiyyətdən devrilməsinə də səbəb ola bilər. Çünki məsələ təkcə daxildəki siravi etirazçılardan getmir. Burada Rusiya və Qərb faktoru da var ki, onlar da Paşinyanın regionda rahat addım atmasını istəmirlər. Onlar istəyir ki, baş nazir həmin ölkələrin sifarişlərini yerinə yetirsin”.
Analitikin sözlərinə görə, Ermənistanın bu məsələlərdən yayınmasının əsas səbəbi onun üzərində olan təzyiq və Paşinyanın özünün seçdiyi strategiyadır:
“O vaxt qazanmağa çalışır. Ermənistan iqtidarının əsas narahatlığı çevriliş təhlükəsidir. Amma bu il kifayət qədər güclü addımlar atılacağının siqnalları verilir. Zəngəzur dəhlizinin açılması və yekun sülh müqaviləsinin imzalanması da bu ildə reallaşacaq. Eyni zamanda, Ermənistan daxilində çaxnaşma da istisna deyil. Azərbaycana atılan müsbət addımlara tərs mütənasib olaraq daxildə vəziyyət pisləşə bilər. Çevriliş cəhdi ehtimalı da var”.
//Safura Bənnayeva, Editor.az

