“Nikol Paşinyan Moskvaya son səfərindən sonra Zəngəzur dəhlizi ilə bağlı məsələni tez-tez gündəmə gətirir. O cümlədən, Moskvaya səfər edənə qədər Zəngəzur dəhlizinə Ermənistanın və ya xarici bir şirkətin nəzarəti həyata keçiriləcəyi ilə bağlı fikirlər səsləndirilsə, Moskvadan qayıdandan sonra Rusiya FTX-nın Zəngəzur dəhlizində monitorinq aparacağı ilə bağlı fikirlər ifadə edir. Yəni, Moskvada Nikol Paşinyanı başa salıblar ki, Zəngəzur dəhlizi Rusiyanın nəzarəti altında olmalıdır. Ona əks halda Ermənistanın böyük çətinliklərlə qarşılaşacağı deyilib”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili Vladimir Putinin Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüşündə Ermənistanın həyatında Rusiyanın artan iqtisadi rolunu rəqəmlərlə açıqlamasını təsadüfi hesab etmir:
“Çünki bu gün Ermənistan iqtisadiyyatı ona havadar dayanan Qərbdən deyil, Rusiyadan asılıdır. Hətta bu ilin sonuna qədər iki ölkə arasındakı ticarət dövriyyəsi 14-16 milyard dollar olacağı bildirilir. Bu da Paşinyan hakimiyyəti Rusiyanı sıxışdırarsa, Ermənistan üçün gözlənilən iqtisadi problemlərin bir siqnalı idi. O cümlədən, Ermənistanın iqtisadiyyatına 4 milyard dollardan çox Rusiya investisiyası yatırılıb. Əgər Rusiya Ermənistanı tərk edərsə, bu ölkənin enerji sektoru da böyük bir böhranla qarşılaşacaq. Paşinyan Moskvaya səfərindən sonra bütün bu məsələləri gözünün önünə gətirir və ona görə də Zəngəzur dəhlizində Rusiya FTX-nın monitorinq aparmalı olduğunu ifadə etməyə başlayıb. Əslində bu monitorinq yox, tam nəzarəti Rusiya aparacaq. Bu həm də imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinə uyğundur, Paşinyan monitorinq ifadəsindən istifadə etməklə ölkəsində ona qarşı olan qüvvələrin əlinə insanları narazılığa qaldırılması üçün vaxtından əvvəl fürsət vermək istəmir. Amma Zəngəzur dəhlizi açılanda bu dəhlizə Rusiya FTX-nın nəzarət edəcəyini görəcəyik. Hətta Dimitri Peskov da Zəngəzur dəhlizinin Rusiyasız açılmasının mümkün olmadığını açıq şəkildə bildirib. Yəni, dəhliz açılacaq və Rusiya həmin dəhlizə nəzarət edəcək. Burada sadəcə zamana ehtiyac var. Azərbaycan üçün isə əsas məsələ Zəngəzur dəhlizinin açılması və Naxçıvana maneəsiz keçidin təmin olunmasıdır”.
//Gülnarə Abasova, Editor.az

