İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq üçün zəmin hazırlamır və onun tədbirlərində iştirak etməmək qərarı isə “müxtəlif səbəblərdən” irəli gəlir.
Editor.az bildirir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun fikrincə, KTMT Ermənistanda “məsuliyyət sahəsini düzəltməkdən” imtina edir. “Biz müxtəlif səbəblərdən KTMT-nin tədbirlərində iştirak etməmək qərarına gəlmişik.
Mən heç nəyə zəmin hazırlamıram, bu zəmin ya var, ya da yoxdur… Əgər biz bu şərtlərdə (KTMT-nin tədbirlərində) səssizcə iştirak etsək, o zaman Ermənistanın ərazi bütövlüyü və suverenliyinin şübhə altına düşdüyü məntiqə qoşula bilərik. Biz həm özümüzə, həm də KTMT-yə fikirləşmək üçün vaxt veririk”, – Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Baş nazir onu da bəyan edib ki, İrəvan KTMT-dən çıxmaq barədə qərar qəbul etməyib. Onun sözlərinə görə, Ermənistan təhlükəsizlik sahəsində “münasibətləri şaxələndirməyə” hazırlaşır, çünki İrəvanın hazırkı tərəfdaşları onu silah və sursatla təmin edə bilmirlər. O, bəyan edib ki, Ermənistan yeni tərəfdaşlar axtarır, onları tapır və müqavilələr bağlamağa, silah və hərbi texnika almağa çalışır.
/Samir Qurbanov, Editor.az

