“Şübhəsiz ki, sülhə gedən yol hamar olmadığı qədər, bu nahamarlıqdan özünə pay, divident götürmək istəyən tərəflər də var. Bunlara keçmədən ilk növbədə ATƏT-i vurğulayaq ki, onun özü belə işlək mexanizmliyi olmayan təsisatdır, o ki qaldı hansısa alt qurumu. Rəsmi Bakı ABŞ-ın vasitəçiliyini haqlı olaraq geri çevirdi. Zənnimcə, Qərb burada ikiüzlü siyasət yürüdən Nikol Paşinyanı da sorğulamalıdır ki, necə olurdu ki, antiQərb siyasəti yürüdən Bəşər Əsədi dəstəkləyirdi, minatəmizləmə adı ilə Suriyaya dəstək qrupu da göndərirdi”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, istər Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, istərsə də xarici işlər naziri Hakan Fidanın ritorikasından anlaşılan budur ki, tarixi şans yaranıb və sülhə yaxınıq:
“Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bəndləri çıxartmalıdır. İkinci məsələ isə Minsk Qrupunun ləğvi olmalıdır. Münaqişəni çözmək üçün yaradılmış təsisatın nəinki fəaliyyətinə, heç mövcudluğuna belə çözülmüş münaqişə üçün əsas yoxdur. Birinci məsələyə gəldikdə isə həm beynəlxalq sənəd daxili ana maddələr toplusundan üstün olmadığı üçün, həm də Ermənistanın yürütdüyü alışılmış siyasəti baxımından sənədlər qədər, faktlar və praktika da eyni addımların təkrarlanmayacağına dair zəmanət vermir. Müharibədə o qədər zərbə alan kiçik bir dövlət sonrasında bu qədər pozucu addımlar atırsa, havadarlarına güvənərək əldə alət olursa, deməli, hər şey bəllidir. Ermənistanın Baş naziri Nikol Paşinyanın konstitusiya dəyişikliyinin nəzərdə tutulmadığı mesajını verməsi Ukraynanın ardınca Suriyada baş verən hadisələr sonrası yaranmış ambivalent durumdur. Ermənistan rəhbərliyi hansısa qərar vermədən öncə, içə baxmadan əvvəl çölə baxıb. Bunu həm onun saxta tarixi, həm də boyunduruq siyasəti diktə edir. Fundamental ənənə birdən dəyişdirilə bilməz axı. Sülhlə bağlı verilən mesajlar nikbin tonda olduğu qədər regiona və Ermənistan-Azərbaycana qalsa mürəkkəb heç nə yoxdur. Yox olan təkcə Ermənistanın siyasi iradəsidir ki, məhz bu da xarici aktorların əli ilə daha da oynadılır. Üstəlik, Konstitusiya Məhkəməsinin qərarında Ermənistan konstitusiyasının preambulasının dəyişməz olduğu, xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması barədə qərar qəbul edilirsə, deməli, Paşinyana xaricdən diktə olunur ki, bərk dayan”.
Ş. Həsənova vurğulayıb ki, hər bir halda Azərbaycan yaranmış beynəlxalq durumdan asılı olmayaraq addımlarını davam etdirir:
“Qərbi Azərbaycan məsələsinin bu qədər aktuallaşması, üzərində haqlı olaraq ciddi dayanılması isə ondan xəbər verir ki, sülh dəqiqdir, sülhə qədər daha bir həllini gözləyən məsələnin Qərbi Azərbaycan olduğu dəqiq hesablamasını isə məhz Ermənistan aparmalıdır”.
//Gülnarə Abasova, Editor.az