Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın KTMT-nin fəaliyyətində iştirak etməməsini şərh edərkən bildirib ki, təşkilatı maliyyələşdirmək üzrə öhdəliklərini yerinə yetirməyən ölkə KTMT-yə üzv ölkələr səsini itirə bilər.
KTMT-nin qaydalarına görə, onun bütün üzvləri maliyyələşmədə iştirak etməlidirlər. Təşkilatın büdcəsi pay ödənişlərinə əsaslanır.
Dövlətin səsvermə hüququndan məhrum edilməsi üçün əsas 2 il ərzində ödənilməmiş borc ola bilər. Diplomat qeyd edib ki, oxşar tədbir BMT-də də tətbiq olunur. “Rusiya KTMT büdcəsinin yarısını, digər iştirakçılar isə 10%-ni ödəyir. Ödənişlərdən hər hansı imtina və ya gecikdirmə forması nəzərdə tutulmur: cari il üçün köçürülməmiş məbləğlər borc yaradır”, – Mariya Zaxarova deyib.
Əvvəllər Ermənistan KTMT-nin 2024-cü il büdcəsinə öz payını verməkdən imtina edib. Buna baxmayaraq, ölkəyə 2025-ci il üçün ödəniş məbləği təqdim olunacaq.
//Samir Qurbanov, Editor.az