KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə Ermənistanın yardımla bağlı sənədin sammitin gündəliyindən çıxarılmasını xahiş etdiyini bildirib. Onun sözlərinə görə, ölkə bu sazişə heç bir maraq göstərməyib.
Editor.az bildirir ki, bu barədə Belarus prezidentinin saytında məlumat verilib. “Ermənistan tərəfi bütün digər müttəfiqlər kimi bu qərarı dəstəkləsə də, bu sənədə heç bir maraq göstərməyib və üstəlik, işimizin yekun hissəsində onun ümumiyyətlə gündəmdən çıxarılmasını xahiş edib”, – deyə
Tasmaqambetov bildirib. O, əlavə edib ki, KTMT-nin 2022-ci il sammitinin yekunlarına əsasən tərtib edilən fəaliyyət planındakı 34 bənddən yalnız ikisi yerinə yetirilməyib.
Ermənistana yardım haqqında sazişdən əlavə, Avropanın beynəlxalq təşkilatları ilə, məsələn, ATƏT-lə əlaqələrin qurulması həyata keçirilməyib”, baş katib ifadə edib. İmanqali Tasmaqambetov və Aleksandr Lukaşenko KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitini müzakirə ediblər. Lukaşenkonun sözlərinə görə, tədbir hərbi-siyasi bloka daxil olan ölkələrin “müdafiə və təhlükəsizlik səylərinin artırılmasına” töhfə verəcək.
//Samir Qurbanov, Editor.az